Azərbaycan

26 may 1877 – Maarifçi-alim Mirzə Məhəmmədəli Tərbiyət (1877 – 17.1.1940) Təbrizdə doğulub. Azərbaycan mədəniyyəti tarixini əhatə edən “Danişməndani-Azərbaycan” ensiklopedik toplusunun müəllifidir.

26 may 1894 – Ədəbiyyatşünas, publisist Vəli Məmmədhüseyn oğlu Xuluflu (1894-1938) Şəmkir rayonunun Xuluflu kəndində doğulub. Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru işləyib. “El aşıqları” toplusunu tərtib edib.

26 may 1914 – Xalq yazıçısı İlyas Məhəmməd oğlu Əfəndiyev (1914 – 3.10.1996) Füzuli şəhərində anadan olub. “Söyüdlü arx”, “Körpüsalanlar” və s. romanların, povest və hekayələrin, pyeslərin (“Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Hökmdar və qızı” və s.) müəllifidir.

 

27 may 1906 – Xalq artisti, teatr rejissoru Soltan Baba oğlu Dadaşov (1906-1969) anadan olub.

27 may 1926 – Xalq şairi, nasir Söhrab Tahiri (Söhrab Əbülfəz oğlu Tahiri; 1926 – 4.5.2016) Cənubi Azərbaycanın Astara şəhərində doğulub. Kitabları: “Vətənlə sevgi arasında”, “Qonşu qızın məktubları”, “Əmanət” və s.

27 may 1956 – Xalq şairi Səməd Vurğun (Səməd Yusif oğlu Vəkilov; 21.3.1906 - 1956) vəfat edib. 20-dən çox poemanın, “Vaqif”, “Fərhad və Şirin” və s. mənzum dramların müəllifidir.

 

28 may 1927 – Xalq artisti, ustad kamança ifaçısı Habil Mustafa oğlu Əliyev (1927 – 8.9.2015) Ağdaş rayonunun Üçqovaq kəndində doğulub.

 

29 may 1946 – Əməkdar incəsənət xadimi Elçin Mehdi oğlu Məmmədov (1946 – 18.2.2001) anadan olub. “Yeddi oğul istərəm”, “Dədə Qorqud”, “Dantenin yubileyi” və s. filmlərdə çəkilib. Teatr tamaşalarına səhnə tərtibatı verib.

 

Dünya

 

25 may 1905 – Ukrayna yazıçı-dramaturqu Aleksandr Korneyçuk (1905-1972) anadan olub.

 

26 may 1822 – Fransız yazıçısı Edmon de Qonkur (Edmond Huot de Goncourt; 1822 - 16.7.1896) anadan olub.

26 may 1878 – Amerikalı balerina, baletdə modern rəqsin banilərindən biri Aysedora Dunkan (Isadora Duncan; 1878-1927) anadan olub.

26 may 1904 – Görkəmli türk şairi və mütəfəkkiri Nəcib Fazil Qısakürək (1904 – 25.5.1983) anadan olub.

 

28 may 1779 – İngilis şairi, mütəfəkkir Tomas Mur (Thomas Moore; 1779-1852) anadan olub.

 

29 may 1874 – İngilis yazıçısı, filosof, jurnalist Gilbert Çesterton (Gilbert Keith Chesterton; 1874-1936) anadan olub. Əsərləri: “Əbədi insan”, “Şar və xaç”, “Uçan meyxana” və s.

29 may 1953 – Rusiyanın Xalq artisti Aleksandr Abdulov (1953 – 3.1.2008) anadan olub.

Hazırladı:  Vüqar ORXAN