Bolqarıstanın “Stara Zagora” Opera Teatrının rejissoru və bədii rəhbəri, beynəlxalq mükafatlar laureatı Silviya Tomova Bakı Xoreoqrafiya Akademiyasının (BXA) dəvəti ilə təhsil kompleksinin şagird və tələbələri üçün ustad dərsləri keçib.
Silviya Tomovanın BXA rəhbərliyi ilə görüşündə ustad dərsləri barədə fikir mübadiləsi və xoreoqrafla gələcək əməkdaşlıq barədə müzakirələr aparılıb.
S.Tomova Bolqarıstanın Azərbaycandakı səfiri Nikolay Yankovun akademiyaya səfəri zamanı gerçəkləşən görüşdə də iştirak edib və BXA haqqında müsbət fikirlər səsləndirərək burada tədris və yaradıcılıq üçün münbit şəraitin yaradıldığını qeyd edib. Bolqar mütəxəssis Azərbaycanın görkəmli balerinası, SSRİ-nin Xalq artisti Qəmər Almaszadənin tələbəsi olmuş Roza Xuda Qulinin xeyli müddət Varna şəhərində balet məktəbinə rəhbərlik edərək bolqar klassik xoreoqrafiyasının inkişafında yaxından iştirak etdiyini də diqqətə çatdırıb.
Qeyd edək ki, bir ay davam edən ustad dərsləri çərçivəsində Silviya Tomova Bakı Xoreoqrafiya Akademiyasının 90 illik yubileyinə həsr olunacaq qala-konsert üçün də bir sıra klassik rəqs nömrələrinə quruluş verib.