Heydər Əliyev Mərkəzində Zurab Seretelinin sərgisi açılıb
Mayın 22-də Heydər Əliyev Mərkəzində məşhur heykəltəraş, SSRİ Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Seretelinin “Mümkün ölçülər” (“Possible Dimensions”) adlı sərgisi açılıb.
Moskva Müasir İncəsənət Muzeyi və Rusiya Rəssamlıq Akademiyası ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə müəllifin 85 illik yubileyinə həsr olunmuş sərgilər silsiləsinin davamıdır.
Sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Qeyd edib ki, görkəmli sənətkarla Heydər Əliyev Fondunu və Heydər Əliyev Mərkəzini uzun illərdir dostluq və əməkdaşlıq əlaqələri bağlayır. Bu günədək rəssamla bir neçə layihə həyata keçirilib. Prezident İlham Əliyevin sərəncamı ilə Zurab Seretelinin “Dostluq” ordeninə layiq görüldüyünü deyən Anar Ələkbərov onu bu münasibətlə təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb.
Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev deyib ki, dünya şöhrətli rəssam Zurab Seretelinin əsərlərindən ibarət sərginin Bakıda təqdim olunması paytaxtımızın mədəni həyatında mühüm hadisələrdən biridir. Qeyd edilib ki, Heydər Əliyev Fondu mütəmadi olaraq belə sərgilər təşkil etməklə ölkəmizin mədəniyyətinin təbliği istiqamətində də çoxsaylı layihələr həyata keçirir. Görkəmli sənətkarı əsərlərinin ilk dəfə ölkəmizdə sərgilənməsi münasibətilə təbrik edən nazir rəssama yaradıcılığında uğurlar arzulayıb.
Sonra Əbülfəs Qarayev “Dostluq” ordenini Zurab Sereteliyə təqdim edib.
Zurab Sereteli çıxış edərək sərginin təşkilində göstərdiyi dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkür edib. Prezident İlham Əliyev tərəfindən Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə “Dostluq” ordeni ilə təltif edilməsini sevinc hissi ilə qarşıladığını deyən rəssam dövlətimizin başçısına dərin minnətdarlığını bildirib.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov Zurab Seretelinin yaradıcılığı haqqında danışıb, onun istər sovetlər dönəmində, istərsə də müasir dövrdə sənət fəaliyyətindən söz açıb.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Ekspozisiyada Moskva, Tbilisi və Londondan gətirilmiş 30-dan çox rəsm əsəri və heykəl nümayiş olunur.
Zurab Sereteli 1934-cü ildə Tbilisidə anadan olub. Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirib. 1960-cı illərin sonlarında geniş dairədə tanınmağa, dövlət sifarişləri almağa başlayıb. Seretelinin müəllifi olduğu möhtəşəm heykəllər London, Moskva, Nyu-York, Paris, Roma, Tokio və digər şəhərlərdə ucaldılıb. Seretelini dünya vətəndaşı adlandırmaq olar. Onun emalatxanaları doğulduğu Tbilisi şəhərində, Moskva, Paris və Nyu-Yorkda yerləşir. Bu dörd şəhərin hər birində işləmək onun fərdi üslubunun formalaşmasına səbəb olub.
Heydər Əliyev Mərkəzində nümayiş olunan sərgi avqustun 25-dək davam edəcək.