Muxtar Əşrəfi adına Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Ayrılarmı könül candan – Azərbaycan!” adlı konsert keçirilib.
Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları Elman Nəsirov və Aydın Hüseynov, həmçinin Rusiyada yaşayan azərbaycanlı iş adamı, diaspor rəhbəri Füzuli Məmmədov, xarici ölkələrin Özbəkistandakı diplomatları, rəsmilər, mədəniyyət xadimləri, soydaşlarımız iştirak ediblər.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev ulu öndər Heydər Əliyevin xalqımız qarşısında xidmətlərindən danışıb, dövlətçiliyimizin çətin məqamında hakimiyyətə gələrək müstəqilliyimizi xilas etdiyini bildirib.
Ölkəmizin Özbəkistandakı səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən konsertdə SSRİ Xalq artisti Fərhad Bədəlbəyli, Xalq artisti Gülnaz İsmayılova, əməkdar artistlər Anar Şuşalı, İslam Manafov, Turan Manafzadə, beynəlxalq müsabiqələr laureatları Ərəstun Quliyev, Fəqan Həsənli, Abuzər Manafzadə çıxış ediblər.
Konsert proqramında Üzeyir Hacıbəylinin “Sənsiz”, “Cəngi”, Fikrət Əmirovun “Azərbaycan elləri”, Asəf Zeynallının “Ölkəm”, Rauf Hacıyevin “Azərbaycan”, Müslüm Maqomayevin “Ey əziz anam, Azərbaycan!”, Tofiq Quliyevin “Qızıl üzük”, “Sənə də qalmaz” əsərləri iştirakçıların alqışları ilə qarşılanıb. Beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadənin Xocalı soyqırımına həsr etdiyi “Xocalıya” adlı əsəri də maraqla dinlənilib.