Azərbaycan Dövlət Akademik Filarmoniyasında 21-22 may tarixində Prezident təqaüdü alan gənclərin iştirakı ilə konsert-festival keçirildi. Layihə gənc ifaçıların peşəkarlıq səviyyəsinin müəyyən edilməsi məqsədilə təşkil olunub.

Mayın 22-də keçirilən tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazir müavini Sevda Məmmədəliyeva, konsert müəssisələrinin rəhbərləri və musiqi məktəblərinin direktorları iştirak edirdi.

Konsert-festivalda ümumilikdə 30 ifaçı Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa etdilər. İncə, zərif barmaqlar pianonun ağ-qara dillərinə toxunduqca, möhkəm biləklər mizrabı tarın simlərinə vurduqca, gur, alovlu vokal səslər bir-birini əvəzlədikcə Azərbaycan gəncliyinin istedadı və musiqimizin sabahının etibarlı əllərdə olduğuna bir daha əminlik yaradırdılar.

Proqramda fortepiano, violin, kontrabas, klarnet, fleyta kimi Avropa alətləri ilə yanaşı, tar, kamança, qanun, balaban alətlərində məharətli ifalar bir-birini əvəzlədikcə gənc istedadların ünvanına alqışlar səslənirdi.

Nicat Müslümovun balabanda (F.Əmirov, “Mən səni araram”) ifası isə gənc nəslin qədim musiqi alətimizə olan marağından soraq verirdi. Cəmil Sədizadə (piano), Orxan Hüseynov (cello), Behnam Məhta Məmmədəlizadə (qanun), Emil Bağırov  (klarnet), Ceyla Seyidova (violin), Kamran Talıblı (fleyta), Rəşid Behbudov (piano), Mədinə Şahgəldiyeva (kamança), Nihad Orucov (vokal), Çinarə Əzimova (violin), Atabala Manafzadə (piano), Atilla Məmmədov (vokal), Vüsalə Babayeva (piano) və Atabəy İsmayılovun (tar) bir-birindən parlaq ifaları sabaha böyük ümidlər verirdi.

Konsertdən sonra təəssüratını bölüşən mədəniyyət naziri Əbülfəs Qarayev gənc musiqiçilərin konsertinin xoş ovqat yaratdığını bildirdi: “Onların sırasında artıq tanınan simalar da var. Gənclərimiz çox ümidvericidir. Cənab Prezidentin gənclərimizə diqqət və qayğısı onların püxtələşməsinə böyük təsirini göstərir. Çıxışlar zamanı peşəkarlıq səviyyəsi bizi çox sevindirdi. Musiqi və yaradıcı təşkilatların rəhbərləri də gələcək solistlərin potensialını əyani olaraq gördülər. Bir daha gənclərimizə verdiyi dəstəyə görə dövlətimizin başçısına dərin təşəkkürümü bildirirəm”.

1997-ci ildən etibarən Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə incəsənət sahəsində xüsusi istedada malik gənclərin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılır və onlar xüsusi aylıq təqaüdə layiq görülürlər. Bu günə kimi musiqi, xoreoqrafiya, rəsm sahələrində xüsusi istedadı olan 124 gəncin adı bu kitaba yazılıb və onlara 25 yaşadək aylıq təqaüd verilir.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən, təqaüd alan gənclərin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi məqsədilə 10-12 aprel 2019-cu il tarixində Rəşid Behbudov adına 2 nömrəli onbirillik Musiqi məktəbində 51 nəfər gənc təqaüdçünün dinləmələri keçirilib. 10 apreldə fortepiano, 11 apreldə nəfəs və simli alətlər, vokal, aprelin 12-də isə xalq çalğı alətləri və xanəndəlik ixtisasları üzrə dinləmələr aparılıb. Ümumilikdə 30 nəfər Prezident təqaüdçüsünün çıxışı yüksək qiymətləndirilərək konsert-festivalın proqramına daxil edilib.

LALƏ