Qasırğalar gələndə təkcə güllər, çiçəklər qırılıb tökülmür. Həm də qollu-budaqlı ağaclar parçalanır, yarılır, yıxılır. Ötən əsrin 30-cu illərinin repressiya dalğaları da adi insanları deyil, xalqının elminə, mədəniyyətinə xidmət edən zəka sahiblərini qərq elədi. 1937-ci il qurbanlarının tale kitabını vərəqlədikcə tarixin daş yaddaşının arasından gələn fəryad səsləri insanı dəhşətə gətirir. Həmin fəryad edənlərdən biri də folklorçu alim, tarixçi, latın qrafikalı əlifbanın fəal tərəfdarı və Yeni Əlifba Komitəsinin üzvü Vəli Xulufludur. Qısa ömründə fəaliyyəti, elmi-bədii yaradıcılığı doğma xalqına əvəzsiz xidmət, vurğunluq nümunəsi olan qaynar təbli alimin bu il 125 illik yubileyidir.

Vəli Məmmədhüseyn oğlu Xuluflu 1894-cü il mayın 26-da Şəmkir rayonunun Xuluflu kəndində anadan olub. Mollaxanada və “Mədrəseyi-ruhaniyyə” məktəbində oxuyub. Təhsilini müvəffəqiyyətlə başa vuraraq 1913-cü ildən oxuduğu ruhani mədrəsəsində dərs deməyə başlayır. 1917-də Gəncə Müəllimlər İnstitutuna daxil olur. Azərbaycanın sovetləşməsindən sonra Gəncədə qəza Partiya Komitəsinin katibi (1920-1922) vəzifəsində işləyir. Ancaq çox çəkmir, partiya sıralarından çıxarılır.

1922-1927-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil alır. Yeni Əlifba Komitəsində təlimatçı kimi işə düzəlir. Paralel olaraq “Bakı fəhləsi” nəşriyyatı və “Azərnəşr”in Bədii ədəbiyyat şöbəsi ilə əməkdaşlıq edir. Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutunda elmi katib vəzifəsinə (1929-1932) irəli çəkilir. Bu elm ocağının yenidən təşkili zamanı isə Dil, Ədəbiyyat və İncəsənət İnstitutuna direktor təyin edilir. Onun rəhbərliyi ilə şifahi xalq ədəbiyyatının toplanması və nəşri sahəsində sistemli iş aparılır. 1927-ci ildə müəllifin tərtibatında “El aşıqları” toplusu işıq üzü görür. Kitaba Qurbani, Xəstə Qasım, Dədə Ələsgər, Aşıq Hüseyn Şəmkirli və başqalarının tərcümeyi-halları ilə yanaşı, yaradıcılıqlarından yazıya aldığı yüzdən çox qoşma, gəraylı, təcnis, habelə Hüseyn Şəmkirliyə məxsus “Reyhan” dastanını da daxil edib. Mütəxəssislərin fikrincə, V.Xuluflu həmin kitabla o, eyni zamanda o vaxtdan bəri nəşr edilən aşıq şeirlərinin toplanılma və tədqiqi prinsiplərinin əsasını qoyub. Tədqiqatçıya görə, aşıq yaradıcılığı elin ruhudur, lazım olanda qılıncdan da kəsərlidir...

Azərbaycan SSR Xalq Maarif Komissarlığında Universitet və elmi tədqiqat müəssisələri idarəsinin rəisi və Dövlət Elmi Şurasının sədr müavini, eyni zamanda SSRİ EA Azərbaycan şöbəsinin baş mütəxəssisi olan V.Xuluflu çox işgüzar, operativ fəaliyyəti ilə diqqətləri cəlb edirdi. O, Yeni Əlifba Komitəsinin üzvü kimi Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan respublikalarında, Krım, Kazan və digər şəhərlərdə səfərlərdə olub. 1924-cü ildən respublikanın baş elmi müəssisəsi olan Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin işlərində fəal çalışıb.

V.Xuluflu 1928-ci ildə “Tapmacalar” kitabını nəşr etdirir. Tapmacaların ideya və bədii xüsusiyyətlərindən bəhs edən yığcam, lakin dərin məzmunlu müqəddimədə Azərbaycanda o dövrədək heç tədqiq olunmayan tapmacaların əhəmiyyəti, xalq ədəbiyyatı növləri içərisində mövqeyi və s. haqda danışan müəllif onların xalq həyatı, məişəti, yaşayış tərzi, məşğuliyyəti ilə əlaqədar yarandığını, xalq həyatının “matematikası” olduğunu söyləyir: “El ədəbiyyatının başqa növlərinə nisbətən tapmacaların materialı daha real və daha təbiidir. Təbiətdə və həyatda nə görülürsə, tapmaca da onun üzərində qurulur”. Yorulmaz folklorşünas tapmacaların tək elə toplanması ilə deyil, onların variantlılığını da təhlillərlə ortaya qoyub. Kitabda verilmiş 726 tapmaca əlifba sırası ilə düzülüb və hər birinin yazıya alındığı yerlər də qeyd edilib.

Azərbaycanda “Koroğlu” dastanının özünəməxsus söylənmə, toplanma, nəşr və tədqiq tarixi var. 1920-ci illərin əvvəllərindən Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti də “Koroğlu”nun toplanmasına təşəbbüs göstərib. Müxtəlif mətbuat orqanlarında eposdan nümunələr, seçmələr, yeni yazıya alınmış parçalar çap olunub. Həmin illərdə bu sahədə ən səmərəli fəaliyyət göstərənlərdən biri isə V.Xuluflu idi. Alim 1927-ci ildə “Koroğlu”nun iki qolunu - “Toqat səfəri” və “Bağdad səfəri”ni, 1929-cu ildə isə latın qrafikasında Hənəfi Zeynallının redaktorluğu ilə “Koroğlu”nun on qolunu yenidən nəşr etdirib. O, Koroğlu əhvalat və hadisələrini Tovuzda Aşıq Hüseyn Bozalqanlıdan toplayıb. Dastanın bu nəşrinin önəmli məqamlarından biri “Gürcüstanda yaşayan Ahıska türklərindən “Koroğlu” dastanıdır. Bu, müstəqil və çox dəyərli bir variantdır. “Ahıska türklərində “Koroğlu” aşığın söylədiyi mətndir, o dəyişdirilməyib, işlənməyib və redaktə olunmayıb. “Gürcüstanda yaşayan Ahıska türklərindən “Koroğlu” variantını Məhəmməd Bidzinov V.Xulufluya təqdim edib.

Ümumiyyətlə, tanınmış tədqiqatçılar V.Xuluflunu “Azərbaycan ədəbiyyatşünaslığında xüsusi azman imza”, “folklorumuzun toplanması, nəşri və tədqiqində ən ardıcıl və ən fədakarlardan biri”, “elmi və xəlqi ziyalı”, “səbrü-qərar kanı” kimi frazalarla təqdim və yad edirlər. Bu deyimlərdən sonuncusu daha çox onun ötən əsrin 20-ci illərinin ortalarında dəfələrlə səfər edib, həftələr-aylarla qaldığı bölgələrimizdə, bolşevizmin mənəvi-psixoloji təcavüz “eroziya”sına məruz qalmış xalqımızın qeyrət-qəhrəmanlıq ruhunu qaldırmaq sevda-sevgiləri ilə bağlıdır.

V.Xuluflu 43 illik ömür yolunda respublikada yüksək elmi təfəkkürə malik bir alim kimi ictimai fəaliyyətində, mədəniyyətimizin tarixində silinməz izlər qoyub. Bu cür milli, elmi, məntiqi düşüncəyə malik olan alim 30-cu illər repressiyasından keçə bilməzdi. O da milli düşüncə karvanına qoşulduğu üçün H.Cavid, Ə.Cavad, M.Müşfiq və başqalarının acı taleyini yaşamalı idi... V.Xuluflu ağlasığmaz bir terrorda günahlandırılır. Əksinqilabçı, millətçi təşkilatın üzvü olmasına dair arayış tərtib edilir və o, həbs olunur. Evində axtarış aparılır, saxta sənədlər tərtib edilir. Xəbəri olmadığı əməlləri onun boynuna qoymaq üçün istintaqı aparan Qalstyan alimin həbs olunmasından düz altı ay sonra ağır işgəncələr verməklə irəli sürülmüş ittihamları “etiraf etməyinə” nail olur. 13 oktyabr 1937-ci ildə sədr Matuleviç, üzvlər Zaryanov, Jiqurun iştirakı ilə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının səyyar  sessiyasında V.Xuluflu ən ağır cəzaya – güllələnməyə məhkum edilir. Hökm elə o gecə yerinə yetirilir… Bundan sonra alimin həyat yoldaşı Fatma Xuluflu da 8 illik həbs cəzasına məhkum olunur.

1957-ci ildə F.Xuluflu barəsində cinayət işi xətm olunur. Fatma xanımın müraciətindən sonra SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarı ilə Vəli Xuluflu haqqında qərar da ləğv edilir və görkəmli tədqiqatçıya bəraət verilir...

Aynurə ƏLİYEVA