Rəsmlər necə xalçaya çevrilir
Azərbaycan Xalça Muzeyində Əməkdar rəssam Aydın Rəcəbovun 75 illiyinə həsr olunmuş adlı fərdi sərgisi keçirilib.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova çıxış edərək bildirib ki, sərgi Aydın Rəcəbovun son 20 il ərzindəki yaradıcılığının retrospektividir və rəssamın yaradıcılıq prosesini ilk rəsmdən başlayaraq hazır xalçaya qədər dinamikada izləməyə imkan yaradır. Direktor Xalça Muzeyi ilə uzunmüddətli əməkdaşlığına görə Aydın Rəcəbova minnətdarlığını bildirib.
Mədəniyyət Nazirliyinin sektor müdiri Qalib Qasımov rəssamın yaradıcılığından bəhs edib. Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən sənətkarın həyat və yaradıcılığı ilə bağlı hazırlanmış videoçarx təqdim edilib.
Xalq rəssamları Ağaəli İbrahimov, Səlhab Məmmədov, Əməkdar rəssam Məmmədhüseyn Hüseynov yubilyar həmkarlarının çoxşaxəli yaradıcılığından söhbət açıblar.
Qeyd edilib ki, Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbi və Azərbaycan Dövlət İncəsənət İnstitutunun məzunu olan Aydın Rəcəbov tələbəlik illərində sənət sirlərini öyrəndiyi rəssam və tədqiqatçı Lətif Kərimov məktəbinin davamçısı sayılır. Rəssamın yaratdığı xalçalar Azərbaycanın və xarici ölkələrin muzey və qalereyalarında saxlanılır. Sənətkar ənənəvi türk-oğuz ornamental motivlərindən geniş istifadə edir, yaratdığı bəzi süjetli xalçalarda Orta əsrlər Azərbaycan miniatür sənətinin təsirini görmək mümkündür.
Diqqətə çatdırılıb ki, sərgidə rəssamın eskizləri əsasında toxunan 20 xalça, iki xalça kəməri və iki çul, xalça eskizləri nümayiş olunur.
Sonda Aydın Rəcəbov çıxış edərək tədbirin təşkilatçıları və iştirakçılarına təşəkkürünü bildirib.