Fransanın Annemasse şəhərində Adilə Əliyeva adına gənc pianoçular və instrumentalçıların XIV Beynəlxalq müsabiqəsi keçirilib. Müsabiqədə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin G.Şaroyev adına 35 nömrəli Musiqi məktəbinin klarnet ixtisası üzrə IV sinif şagirdi Asim Rzazadə uğurla iştirak edib.
Seçim turunda 300-dən çox ifaçı arasından finala vəsiqə qazanmış 30 nəfər iştirakçı arasında yer alan Asim L.V.Bethovenin “Sonatina” B-dur, M.Monqaninin “Romans”, B.Kovaçın “Salam aleykum” və Q.Qarayevin “İldırımlı yollarla” baletindən “Gitaralı qızların rəqsi” əsərlərini məharətlə ifa edərək I yerə və laureat adına layiq görülüb.
Müsabiqə laureatlarının qala-konserti İsveçrənin Cenevrə şəhərində BMT-nin Konqres zalında keçirilib. Konserti Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova da izləyib. Fransa mətbuatında yer alan məqalədə Asimin ifası haqqında müsbət rəylər qeyd olunub. Balaca ifaçının uğurlarında müəllimi Vaqif Məmmədovun və konsertmeyster Svetlana Əhmədovanın əməyi böyükdür.