Mayın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun “Nəsimi” baletinin uzun fasilədən sonra premyerası olub. Tamaşa böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunub.
Böyük bəstəkarın 1973-cü ildə yazdığı birpərdəli balet (libretto müəllifi Anar) baletmeyster Nailə Nəzirovanın quruluşunda tamaşaya qoyulmuş və 1974-cü ildə respublika Dövlət mükafatına layiq görülmüşdü.
Əsərin yenidən səhnəyə qoyulması Opera və Balet Teatrının “Nəsimi ili”nə töhfəsidir. Tamaşanın quruluşçu baletmeysteri Opera və Balet Teatrı balet truppasının bədii rəhbəri, Xalq artisti Kamilla Hüseynova, libretto müəllifi Əjdər Ulduz, musiqi rəhbəri və dirijoru Xalq artisti Yalçın Adıgözəlov, səhnə tərtibatçısı Əməkdar rəssam Nüsrət Hacıyev, geyim rəssamı Xalq rəssamı Rafiz İsmayılovdur.
Tamaşada teatrın balet truppasının aparıcı solistləri – Anar Mikayılov (şair Nəsimi), Əməkdar artistlər Nigar İbrahimova (Nəsiminin həyat yoldaşı), Samir Səmədov (Nəimi), həmçinin İslam Məmmədov (gənc Nəsimi) və Dinara Şirinova (Nəsiminin qızı) çıxış ediblər.