Tarix, mədəniyyət və təbiət obyektlərinin seçimində hər kəs iştirak edə bilər

Mayın 28-də İçərişəhərdə İDEA İctimai Birliyi və “Nature and History Production”ın birgə dəstəyi ilə reallaşan “Azərbaycanın 7 möcüzəsi” adlı yeni televiziya layihəsinin təqdimat mərasimi olub.

İlk dəfə keçirilən layihənin məqsədi cəmiyyətdə vətənpərvərlik hislərini artırmaq, milli-mədəni və tarixi irsimizi qorumaq, ölkəmizin ərazisində yerləşən tarixi, mədəni və təbii obyektlərin tanıdılmasına, qorunmasına və bərpa edilməsinə diqqət yönəltməkdir.

Həmçinin “Azərbaycanın 7 möcüzəsi” layihəsi ölkə daxilində və xaricində Azərbaycanın tarixi, mədəni və təbii incilərini tanıtmaqla yerli və xarici turizmin, eləcə də həmin ərazilərdəki infrastrukturun inkişafına təkan verməyi öz qarşısına məqsəd qoyub.

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın, ictimai-siyasi xadimlərin, xarici səfirliklərin nümayəndələrinin, elm adamlarının, mədəniyyət və incəsənət ustalarının, digər peşə sahiblərinin qonaq olduğu tədbir maraqlı anlarla yadda qalıb. Xüsusi olaraq hazırlanan, layihənin mahiyyətini ehtiva edən məkanın dekorasiyasında tariximizi əks etdirən atributlar, mənəvi dəyərlərimizi ifadə edən geyimlər xüsusi diqqət çəkib. Bunlardan əlavə, məkanın interyerində hazırlanan qala maketi və üzərində insan təsvirlərinin əks olunduğu iri qaya daşları qonaqları məkana daxil olarkən tam fərqli hislərə bürüyüb, keçmişə kökləyib.

Tədbirdə çıxış edən “Nature and History Production”ın rəhbəri Hikmət Nağdəliyev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, AMEA-nın Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov və Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev layihə haqqında öz fikirlərini bölüşüblər.

Təqdimatın sonunda “www.yeddi.az” saytında “Azərbaycanın 7 möcüzəsi” layihəsinin səsverməsinə start verilib.

Mərasimdə Qədim musiqi alətləri ansamblının çıxışları maraqla dinlənilib.