Milli Konservatoriyada Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “Express Bank”ın tərəfdaşlığı ilə hazırlanmış “Yüksəl, ey Azərbaycan” musiqi albomunun təqdimatı keçirildi. Layihənin rəhbəri Milli Konservatoriyanın doktorantı, Prezident təqaüdçüsü Leyla Muradzadədir.
Layihə rəhbəri məlumat verdi ki, 2018-ci ilin dekabrından hazırlanmağa başlanılan albomda musiqi və qeyri-musiqi ixtisaslı kollektivlərin ifalarından ibarət 12 mahnı yer alıb. Uşaq kapellası, Azərbaycan Milli Konservatoriyası, Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə xorları, 23 və 35 saylı musiqi məktəblərinin xor kollektivləri, eləcə də Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı respublika xüsusi internat məktəbi şagirdlərinin ifaları albomda cəmlənib. Layihədə ümumilikdə 250-dək uşaq və gənc iştirak edib. Layihənin məqsədi uşaq və gənclər arasında xor musiqisini təbliğ etmək, onların kollektiv ifa bacarıqlarını inkişaf etdirməkdir. Layihəyə sağlamlıq məhdudiyyətli uşaqların da cəlb olunması onların fəallığının artırılması və musiqi potensialının üzə çıxarılmasına imkan yaradıb.
Leyla Muradzadə gənclərin fəaliyyətinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildirdi: “Bu diqqət və dəstək sayəsində gənclərin ideyaları reallaşır. Gənclər Fondunun gənclərin ideyalarına verdiyi dəstək onlar üçün stimul yaradır. Xor birlik və bərabərlik anlayışının gözəl təcəssümüdür. Biz bu ənənəni yaşatmaq və inkişaf etdirmək arzusundayıq”.
Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi layihəyə dəstək olan təşkilatlara minnətdarlığını bildirdi. Qeyd etdi ki, hər bir bədii təhsil müəssisəsi xor dərnəklərinin yaradılmasında maraqlı olmalıdır.
Gənclər Fondunun şöbə müdiri Orxan Əkbərov, “Ekspress Bank”ın əməkdaşı Şəbnəm Hümbətova çıxışlarında layihənin gələcəkdə genişləndiriləcəyini diqqətə çatdırdılar.
Daha sonra albomda yer alan xor əsərləri səsləndirildi. Sonda layihə üçün xüsusi hazırlanmış “Yüksəl, ey Azərbaycan” mahnısı Bakı Musiqi Akademiyası və 23 saylı Musiqi məktəbinin birləşmiş xor kollektivi tərəfindən ifa edildi. Mahnının sözləri Anar Məmmədova, musiqisi Rəna Qədimovaya, aranjimanı isə Etibar Əsədliyə məxsusdur.
LALƏ