Mayın 30-da Milli Kitabxanada MDB-nin XVI “Kitab sənəti” Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin iclası keçirildi.
İclası Milli Kitabxananın direktoru Kərim Tahirov açdı. O, iştirakçı ölkələrin nümayəndələrini salamlayaraq kitab sənəti üzrə belə bir müsabiqənin keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirdi. Bildirdi ki, bu cür müsabiqələr kitab çapı sahəsində təcrübə mübadiləsinə də müsbət təsir göstərir.
Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin əməkdaşı Elbəy Əli diqqətə çatdırdı ki, MDB-nin Dövri mətbuat, kitab nəşri, yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şurasının 28-29 noyabr 2018-ci ildə Düşənbədə keçirilmiş iclasında 2019-cu ildə Azərbaycanın Şuraya sədrliyi haqqında qərar qəbul edilib. Sədrlik çərçivəsində XVI “Kitab sənəti” Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin iclası Bakıda keçirilir. İclasda iştirak etmək üçün Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus və Tacikistandan nümayəndələr gəlib.
Bildirildi ki, müsabiqədə Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus, Tacikistan və Türkmənistanın nəşrləri müxtəlif nominasiyalar üzrə mükafatlar üçün yarışır.
Daha sonra açıq səsvermə yolu ilə hər nominasiya üzrə qalib kitabların seçimi başlandı. Hər bir ölkənin nəşr məhsulları haqqında ətraflı məlumat iştirakçı ölkələrin nümayəndələrinə təqdim edildi. Münsiflər hər bir nəşrlə bağlı müzakirələr apardılar.
Qeyd edək ki, ölkəmiz hər il “Kitab sənəti” Beynəlxalq müsabiqəsində uğurla iştirak edir. Budəfəki müsabiqəyə Azərbaycandan 9 nominasiya üzrə 14 adda kitab təqdim olunub.
Müzakirələr zamanı bildirildi ki, müsabiqəyə müxtəlif janr və tərtibatlarda kitablar təqdim olunub. Eyni zamanda kitabların dizaynı, mövzusu da nəzərə alınır.
Sonra qalib nəşrlər müəyyən olundu.
Səsvermənin nəticələrinə əsasən, Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının nəfis tərtibatlı nəşri (“Şərq Qərb” nəşriyyatı) müsabiqənin Qran-pri mükafatına layiq görüldü. Bununla da ölkəmiz ilk dəfə bu müsabiqənin baş mükafatını qazanmış oldu.
Bundan əlavə, “Birlik” nominasiyası üzrə “Qara Qarayevin “Yeddi gözəl” baletinin səhnə həyatının tarixi” nəşri (Natalya Dadaşova) I yerə, Mir Cəlalın “Publisistika” və “Ədəbi tənqid” kitabları xüsusi diplomla mükafatlandırıldı.
“Ölkəm” nominasiyasında “Vətənim Azərbaycan” (Aydın Aslanov və Rauf Hüseynzadə - “Şərq-Qərb” nəşriyyatı) kitabı II, “Uşaqlar və gənclər üçün kitab” nominasiyası üzrə “Klassiklərin əsərlərindən seçmələr” (“Renessans – A” nəşriyyatı) kitabı I yerə layiq görüldü. “İllüstrasiya sənəti” nominasiyası üzrə “Yuxunun sehri” (Aytən Yadigarlı), “Mədəni dialoq” üzrə “Dədə Qorqud kitabı” (Vatikan nüsxəsi) ikinci yeri qazandı.
“Elm və innovasiya” nominasiyasında Əhəd Canəhmədovun “Mühəndisliyin fəlsəfəsi” kitabı I yerə, Şəmil Sadiqin “İsa Muğanna yaradıcılığı “İdeal” işığında” kitabı isə xüsusi diploma layiq görüldü.
“Məktəbli ədəbiyyatı və təhsil” nominasiyasında Müşfiq Xanın 6-11-ci siniflər üçün “Biologiya” nəşri birinci oldu, “Məktəblinin kitabxanası” seriyasından “Koroğlu” və “Dədə Qorqud” kitabları isə xüsusi diploma görüldü. Müsabiqənin “Art kitab” nominasiyası üzrə Çingiz Qacarın “Köhnə Şuşa” kitabı II yeri qazandı.
Qeyd edək ki, “Kitab sənəti” müsabiqəsinin mükafatları ənənəvi olaraq sentyabr ayında Moskvada keçiriləcək Beynəlxalq kitab sərgi-yarmarkasında təqdim olunacaq.
L.AZƏRİ