Parisdəki Luvr muzeyinin Karusel sərgi salonunda növbəti “Art Shopping” Beynəlxalq müasir incəsənət sərgisi açılıb. Sərgidə azərbaycanlı rəssamlar Məryəm Ələkbərli, Əsmər Nərimanbəyova, Ziba Əliyeva, Səfrəndə Məmmədova və Sahib Əsədlinin əsərləri də nümayiş edilir.
İstedadlı gənc rəssam Məryəm Ələkbərlinin əsərlərinin Luvr muzeyinin Karusel salonunda sərgilənməsi artıq ənənəyə çevrilib. Bu dəfə rəssamın 25 əsərindən ibarət “Şərq nağılları” adlı yeni kolleksiyası sənətsevərlərə təqdim olunub. Görkəmli Azərbaycan rəssamı Toğrul Nərimanbəyov və tanınmış heykəltəraş Elmira Hüseynovanın ailəsində dünyaya göz açmış, rənglər dünyasında böyümüş Əsmər Nərimanbəyovanın yaradıcılığına ailəsindəki mühit böyük təsir göstərib. Əməkdar rəssamın əsərləri dünyanın müxtəlif ölkələrində sərgilənib. O, azərbaycanlı gənc rəssamların əsərlərinin beynəlxalq sərgilərdə nümayiş etdirilməsi, tanınması üçün əlindən gələni əsirgəmir.
Ziba Əliyeva artıq bir neçə ildir “Art Shopping” sərgisində iştirak edir. O, əsərlərində neftdən boya kimi istifadə edir.
Son illər “Art Shopping” sərgisində azərbaycanlı rəssamların uğurlu iştirakı ənənəyə çevrilib. Onların əsərləri ziyarətçilər tərəfindən maraqla qarşılanır.