Mayın 30-da Nizami Kino Mərkəzində 1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə xeyriyyə tədbiri keçirildi.

Mədəniyyət Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə gerçəkləşən tədbirin məqsədi uşaqları sevindirməklə bərabər, onların öz bacarıq və istedadlarını nümayiş etdirmələrinə şərait yaratmaqdan ibarətdir.

Xeyriyyə tədbirinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “Salnaməfilm” studiyası və “Ulduz” şokolad fabriki də öz sovqatları ilə gəlmişdilər. Musiqi, əyləncə, şirniyyatla bol olan aksiyada böyük sevinc yaşayan fidan balalar həm əyləndilər, həm də maarifləndilər.

Aksiya çərçivəsində təqdim edilən konsert proqramında “Səma” rəqs qrupu, “Can bala” estrada ansamblının çıxışları balacalar tərəfindən sevinclə qarşılandı. Milli və dünya xalqlarının rəqsləri, al-əlvan geyimlər, şən ritmlərlə dolu proqram uşaqlarda xoş əhval-ruhiyyə yaratdı.

Konsert proqramından sonra “Çırtdan və sehrli xalat” və “Cırtdan və Təpəgöz” cizgi filmləri nümayiş olundu. Ekran işləri nağıl, fantastika və müasir dövrün texnoloji yeniliklərini özündə əks etdirir. Mövzu, rəng, ən son yeniliklərə cavab verən texniki şərtlərlə lentə alınmış filmlər uşaqları, bir neçə dəqiqəlik də olsa, nağıllar dünyasına səyahətə aparır.

Qeyd edək ki, filmlər Mədəniyyət Nazirliyinin sifarişi, “3 dost” animasiya şirkəti, “Azanfilm” və “Salnaməfilm” studiyalarının birgə əməkdaşlığı ilə lentə alınıb.

Tədbirin sonunda uşaqlara “Ulduz” şokolad fabrikinin hədiyyələri təqdim olundu.

LALƏ