Muğam Televiziya Müsabiqəsindən düşüncələr
Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət Nazirliyinin iştirakı ilə keçirilən VII Muğam Televiziya Müsabiqəsi sona yaxınlaşmaqdadır. Martın 12-də Beynəlxalq Muğam Mərkəzində 20 ifaçı ilə start verilən müsabiqədə bu həftə final öncəsi son turdur.
Münsiflər heyətində xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov təmsil olunur. Müsabiqənin icraçı direktoru Yazıçılar Birliyinin katibi, şair-dramaturq İlqar Fəhmidir.
Hər həftənin 2-ci və 4-cü günlərində AzTV və “Mədəniyyət” kanallarında canlı olaraq yayımlanan müsabiqədə üç aya yaxın müddətdə gənc ifaçıların səsləndirdikləri klassik muğam nümunələri onların istedadı, bacarıqları haqqında tamaşaçı və dinləyicilərdə müəyyən təsəvvürlər yaradıb. Builki iştirakçılar da gələcəkdə muğam sənətimizin keşiyində dayanmaq iddiasındadırlar...
Bu günlərdə Beynəlxalq Muğam Mərkəzində müsabiqənin bir çəkiliş gününü canlı izləməklə iştirakçıların yaşadığı həyəcanı görmək imkanı qazandım.
Muğam Mərkəzinin foyesi. Saat 19.30. Hələlik Xalq artisti, görkəmli xanəndə Arif Babayev və Əməkdar müəllim Qəzənfər Abbasovdan başqa gözə dəyən kimsə yoxdur. Fürsətdən istifadə edib Arif müəllimin müsabiqə ilə bağlı fikirlərini öyrənirəm:
- Müsabiqədən ağızdolusu danışmaq olar. İki ildən bir keçirilən müsabiqə onu göstərir ki, bu sənət yaşayır. Hər müsabiqə üçün yüz müraciət sırasından iki iştirakçı seçilsə belə, bu o deməkdir ki, bu sənətə maraq var. Müsabiqəni izləyərkən yaxşı pedaqoq və tələbələrimizin olduğunu görürük. Sevinirəm ki, bu gün muğam sənətinə böyük diqqət və qayğı var. Muğamlarımız dünyada layiqincə təmsil olunur. Hazırda dayanıb söhbət etdiyimiz bu məkan muğam sənətimizə qoyulan bir abidədir. Davam edən bu musiqi yarışması Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın gənc istedadlara misilsiz qayğısından, muğam sənətinin daha uğurlu perspektivlərə hesablanmasından soraq verir. Bu gün növbəti mərhələyə keçəcək ifaçıları dinləyəcəyik. Artıq iştirakçıların sayı azalıb və ifalar daha aydın seçilir”.
Bu məqamda Qəzənfər müəllim də söhbətimizə qoşulur. Deyir ki, müsabiqə eyni zamanda milli dəyərimizin təbliğidir: “Xalqımız bu müsabiqəyə böyük maraq göstərir. İştirakçıların potensialı göz qabağındadır. Perspektivli gənclər və yaxşı ifaçılar var. İnanıram ki, layiq olan ifaçı birincilik qazanacaq və sənətə xidmət edəcək”.
Söhbətimiz zamanı Xalq artisti Mənsum İbrahimov da gəlib çıxır. Müsabiqənin gedişatını xəbər alırıq: “Artıq həlledici mərhələyə az qalıb. Necə deyərlər, daha güclülərin mübarizəsi ilə davam edirik. İfaların həcmi genişlənib. Ortaya maraqlı ifaçılar çıxıb. Nəticədə muğamımız və sənətimiz qazanır. Dövlətimizin böyük diqqət və qayğısı nəticəsində növbəti müsabiqə də böyük uğurla gerçəkləşir”.
* * *
Zala keçirəm. Burada gərgin məşq gedir. “Mədəniyyət” kanalının çəkiliş qrupu, rejissor, operatorlar, səs rejissoru texniki vəziyyəti bir daha nəzərdən keçirirlər. Musiqi rəhbəri, Əməkdar incəsənət xadimi Çingiz Abbasov müşayiətçilərə öz tövsiyələrini çatdırır. Yaxınlaşıb fikrilərini öyrənmək istəyirəm. Deyir ki, finala az qalıb, müsabiqə bitəndən sonra ürəkdolusu danışacaq. İştirakçılara uğur arzulayıb zalı tərk edirəm.
Layihənin icraçısı, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi heç də iştirakçılardan az həyəcanlı deyil: “Sona doğru gərginlik artır, hiss edirəm ki, uşaqlar necə həyəcan və həvəslə finala doğru addımlayırlar. Amma bu müsabiqədir, kimlərsə tərk edəcək, kimsə qalib olacaq. Tərk edən iştirakçı, düşünülməsin ki, yaxşı ifaçı deyil. Ümumilikdə onluqda yer alanlar bir tapıntıdır və biz bu ifaçıların səsini daha uca zirvələrdən eşidəcəyik”.
Saatlar 20.50-ni göstərir. Münsiflər yerlərini alıblar. Muğamsevər tamaşaçılar da səhnəyə diqqət kəsiliblər. Budur, aparıcılar Emil Şahzadə və Nurlana Cəfərova səhnəyə çıxaraq televiziya tamaşaçılarını salamlayır, münsifləri təqdim edirlər. İfalar başlayır. Hər bir çıxış bir çox xarakterik cizgiləri ilə yadda qalır. Gənclərin ustadlardan öyrəndiklərini minlərin, milyonların qarşısında özlərinin və tamaşaçı, dinləyicilərin ürəyincə ifadə etmək cəhdləri aydınca sezilir.
Səhnəarxasında intizarla növbəsini gözləyənlər, mavi ekran qarşısında çıxışları diqqət və həyəcanla izləyən tamaşaçılar. Bəlkə də səhnəyə çıxan hər ifaçı üçün dinləyicilərin ürəyindən bir arzu keçir: “Kaş ki, hansısa misranı unutmayaydı, səsi qırılmayaydı, xaric xallar vurmayaydı”. Münsiflərin isə məqsədi birdir: ifaçılar səhvlərini başa düşsünlər, səslərinin cilalanmasına, qəzəllərin dərindən öyrənilməsinə çalışsınlar, muğamın aliliyini hiss etsinlər...
* * *
Bu da gərgin, həyəcanlı, eyni zamanda sevincli bir muğam gecəsinin sonu. Artıq 8 iştirakçı mübarizə aparacaq. Amma onluğa düşən hər bir iştirakçı artıq qalib sayılır...
Lalə AZƏRİ