Uşaqların əl işlərindən ibarət sərgi

Azərbaycan Rəssamlar İttifaqında 1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə “Hər bir şəhid bizim ailəmizdəndir” adlı uşaqların əl işlərindən ibarət sərgi təşkil edilib. Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə reallaşıb.

Layihənin rəhbəri, rəssam Ramin Allahverdiyev çıxış edərək bildirib ki, ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olan, vətən naminə canlarından keçən şəhidlərimizi hər zaman anmaq, əziz xatirəsini yad etmək hər birimizin vətəndaşlıq  borcudur. Təşkil olunan sərginin qayəsi də budur. Burada təqdim olunan rəsmlər şəhidlərimizə ithaf olunub. Bu rəsmlər həmçinin uşaqların bədii təxəyyülündə vətən, torpaq sevgisinin əksidir.

Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov şəhidlərimizə həsr olunan bu cür layihələrin əhəmiyyətindən danışıb. Bildirib ki, təqdim olunan əl işləri bütövlükdə türk dünyasına olan sevginin, şəhidlərimizin ruhuna ehtiramın təzahürüdür.

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, Vətən torpaqlarının bütövlüyü naminə canından keçən hər bir şəhidin xatirəsi hamımız üçün əzizdir: “Bu gün iki qardaş ölkənin bayraqları bir yerdə asılıb. Bu, bizi çox qürurlandırır. Biz bir millət, iki dövlət olaraq bütün zamanlarda bir yerdə olacağıq”.

Sonra Türkiyə səfirinə balaca rəssamın əsəri, həmçinin şəhid Əbdülməcid Axundov haqqında çəkilmiş sənədli filmin diskləri təqdim olunub.

Tədbirdə digər çıxış edənlər bildiriblər ki, bu gün ölkəmizdə uşaqlara xüsusi qayğı göstərilir, bu məsələ dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ulu öndər Heydər Əliyev hər zaman bu sahəyə diqqət ayırıb, uşaq və yeniyetmələrin sağlam və Vətənə layiqli vətəndaşlar kimi böyüməsi üçün bütün zəruri şərait yaradılmasına çalışıb. Ümummilli liderin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən davam etdirilir.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

Sərgidə 20-dən çox uşağın müxtəlif üslublarda işlədiyi 250-yə yaxın əl işi təqdim olunub.