Azərbaycan Xalça Muzeyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Moskvada keçirilən “İntermuzey” XXI Beynəlxalq Festivalında iştirak ediblər.
Moskvanın “Manej” Mərkəzi Sərgi Kompleksində “Peşəkarların dialoqu” mövzusunda keçirilən “İntermuzey” festivalına Rusiyanı və digər ölkələri təmsil dən 400-dən çox muzey qatılıb.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova bildirib ki, muzey 2011-ci ildən bu festivalda iştirak edir. “Bu il biz muzeyimizin filialı olan Qara Qarayevin ev-muzeyindən eksponatlar təqdim edirik. Dahi bəstəkarımızla bağlı çap məhsulları, filmlər nümayiş etdirir, Qara Qarayevin təkcə Azərbaycan mədəniyyətində deyil, dünya mədəniyyətində rolu barədə ziyarətçilərə məlumat veririk”, - deyə o əlavə edib.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, həmçinin Musiqi Muzeyləri və Kolleksiyaçıları Assosiasiyasının stendində də təmsil olunub. Muzey bu il 10 illiyini qeyd edən assosiasiyanın həmtəsisçisi və üzvüdür.
Azərbaycan Xalça Muzeyi də festivalda maraqlı stendi ilə diqqət çəkib, ziyarətçilərə milli xalçaçılıq sənətinin tarixi və inkişafı barədə məlumat verilib. Muzeyin baş mütəxəssisi Aynur Məmmədova festival çərçivəsində keçirilən “Elmi-fond işinin əsas cəhətləri. Kolleksiyanın komplektləşdirilməsi, saxlanması və öyrənilməsi problemləri” mövzusunda sessiyada da iştirak edib. O, çıxışında muzeydə kolleksiyaların komplektləşdirilməsi, saxlanma şəraitindən danışıb.
Bildirib ki, hazırda muzeydə komplektləşdirmə işinə yeni yanaşma tətbiq edilir. İlk dəfə olaraq Azərbaycanda Xalça Muzeyi eksponatların hərraclardan alınması təcrübəsini tətbiq edib. 2018-ci ildə İtaliya kolleksiyaçıları bizə 3 xalça hədiyyə edib. Heydər Əliyev Fondunun dəstəyi ilə XVII əsrə aid iki nadir Qarabağ saray xalçası Azərbaycana qaytarılıb.