Parisdə Azərbaycan qadınına səsvermə hüququnun verilməsinin 100 illiyinə həsr edilmiş konsert
Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizdə qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə konsert təşkil olunub. Tədbir ölkəmizin Fransadakı səfirliyinin, Azərbaycanın Dostları Assosiasiyası və “Azərbaycan Evi” Assosiasiyasının birgə təşkilatçılığı ilə gerçəkləşib.
Səfirliyin siyasi məsələlər üzrə müşaviri Vaqif Ağayev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, əldə etdiyi nailiyyətlərdən danışıb. Bildirib ki, Cümhuriyyətin ən böyük nailiyyətlərindən biri də müsəlman Şərqində ilk dəfə qadınlara səsvermə hüququnun verilməsidir. Cümhuriyyət dilindən, cinsindən və etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar təmin edib.
Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin fəaliyyətindən (1919-1920), iki ölkə arasındakı hazırkı münasibətlərdən söz açıb.
Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın – Ədilə Hüseynzadə haqqında ətraflı məlumat verib. Özünün müəllimi olmuş Ə.Hüseynzadənin həyat və yaradıcılığından danışan professor onun XX əsrin 40-cı illərində Üzeyir Hacıbəylinin təşəbbüsü və xeyir-duası ilə musiqi aləminə gəldiyini bildirib. O, Ə.Hüseynzadənin bir çox janrlarda əsərlər yaratdığını, romans janrına xüsusilə üstünlük verdiyini diqqətə çatdırıb.
Tədbirin bədii hissəsində Xalq artisti Fidan Hacıyeva (vokal), beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə (fortepiano), Əməkdar artist Aleksey Miltıxin (violonçel) ifasında bəstəkarın əsərləri səsləndirilib.
Musiqimizi ölkəmizdə və xaricdə uğurla təmsil edən Fidan Hacıyeva bəstəkar Ədilə Hüseynzadənin müxtəlif illərdə yazdığı romansları oxuyub. Konsertdə “Mənim arzum”, “Yaşamaq”, “Gözlərin matəmi Xirosima” (söz: Rəsul Rza), “Günəşdən gənclik istədim” (Nigar Rəfibəyli), “Çiçək” (Aleksandr Puşkin) və digər romanslar səsləndirilib. Parisdə ikinci dəfə konsert verən F.Hacıyevanın ifası tədbir iştirakçılarına unudulmaz anlar yaşadıb. Fransız musiqisevərlər ilk azərbaycanlı qadın bəstəkarın musiqilərini maraqla qarsılayıblar.