14-28 iyun tarixində “Baku Crystall Hall” Mətbuat Mərkəzində Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə Azərbaycan rəssamlarının Respublika satış-sərgisi keçiriləcək.

Sərgi 2019-cu il martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın mədəniyyət xadimlərinin bir qrupu ilə görüşündə SSRİ Xalq rəssamı Tahir Salahovun irəli sürdüyü ümumrespublika təsviri sənət sərgisinin keçirilməsi təklifi əsasında həyata keçirilir. Tədbirin keçirilməsində əsas məqsəd zəngin tarixə və ənənələrə malik olan Azərbaycan təsviri sənətinin bugünkü səviyyəsini ən qiymətli sənət nümunələri əsasında göstərməkdir.

Sərgidə Bakıda, respublikanın şəhər və rayonlarında yaşayan tanınmış sənətkarlarla yanaşı, orta və gənc nəsil rəssamların rəngkarlıq, qrafika, heykəltəraşlıq əsərlərinin nümayişi nəzərdə tutulur.

Ekspozisiyada Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etdikdən sonra milli mədəniyyətin, o cümlədən təsviri sənətin inkişafında yer tutmuş sənətkarların yaradıcılıq nümunələri – mənzərə, portret, natürmort, tarixi, batal, məişət janrında müxtəlif üslublarda çəkdikləri əsərlər əksini tapacaq.

Sərginin açılışı 14 iyun saat 19:00-da “Baku Crystall Hall” Mətbuat Mərkəzində keçiriləcək.