Üç ay müddətində muğam həvəskarlarının və sənət xiridarlarının maraqla izlədiyi, hər kəsə zəngin təəssürat bəxş edən VII Muğam Televiziya Müsabiqəsi başa çatmaq üzrədir. İyunun 15-də Heydər Əliyev Mərkəzində keçiriləcək final gecəsində 7 gənc iddiaçı səhnəyə çıxacaq.
Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə Mədəniyyət Fondunun layihəsi əsasında keçirilən müsabiqənin finalında İlahə Rüstəmova, Murad Rüstəmzadə, Xəyal Hüseynov, Rəvan Qaçayev, Vəliş Mirzəyev, Faiq Əkbərov və Zülfiyyə Cəbrayılzadə ifalarını təqdim edəcəklər.
Müsabiqənin münsiflər heyətinin tərkibinə xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi daxildir.
Xalqımızın həmişə fəxr etdiyi, orijinal forma və məzmunu ilə seçilən muğam sənəti əsrlərdən keçərək müasir dövrümüzə çatıb. 2005-ci ildə təməli qoyulan bu müsabiqə muğam irsimin qorunub saxlanılmasına, gələcək nəsillərə ötürülməsinə, gənc istedadların aşkar edilməsinə xidmət edir.
Qeyd edək ki, VII Muğam Televiziya Müsabiqəsində iştirak üçün 400-ə yaxın müraciət olmuşdu. Münsiflərin dinləmələrindən sonra onlardan 20-si layihədə iştirak etmək hüququ qazanmışdı. Müsabiqə hər həftənin 2-ci və 4-cü günlərində AzTV və “Mədəniyyət” kanallarında canlı olaraq yayımlanıb.