Daşkənddəki Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini, ölkəmizin ABŞ-dakı ilk səfiri, ADA Universitetinin rektoru, professor Hafiz Paşayevin “Bir səfirin manifesti” kitabının təqdimatı keçirilib.
Ölkəmizin Özbəkistandakı səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə keçirilən mərasimi universitetin rektoru, professor Abdujabbor Abduvaxidov açaraq Hafiz Paşayevin həyatı, diplomatik fəaliyyəti haqqında məlumat verib. Rektor “Bir səfirin manifesti” kitabının həm gənc, həm də professional diplomatlar üçün dəyərli dərslik olacağına əminliyini ifadə edib.
Özbəkistan Senatı sədrinin birinci müavini Sadık Safoyev ABŞ-da səfir kimi fəaliyyət göstərdiyi illərdə Hafiz Paşayevlə dostluq əlaqələrindən danışıb.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Hafiz Paşayevin diplomatik xidməti haqqında söhbət açıb. Vurğulayıb ki, H.Paşayev ABŞ-da səfir işlədiyi dövrdə Azərbaycan həqiqətlərinin yayılması və təbliği sahəsində böyük işlər görüb. ABŞ-ın 20 ştatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb və bu işdə H.Paşayevin əməyi danılmazdır.
Hafiz Paşayev kitabın çapında dəstəyə görə təşəkkürünü bildirib, əsərin yaranması haqqında məlumat verib. O, diplomatik fəaliyyəti, ADA Universitetinin yaradılması haqqında söhbət açıb.
Sonra Azərbaycan Mədəniyyət Mərkəzinin ölkəmizin tarixi, ədəbiyyatı və mədəniyyətinə dair son 6 ildə özbək dilində çap etdirdiyi 60 adda kitab universitetin kitabxanasına hədiyyə olunub.