Bu mötəbər tədbirin paytaxtımızda keçirilməsi ölkəmizə göstərilən yüksək etimadın nümunəsidir
UNESCO-nun Dünya İrs Komitəsinin 30 iyun – 10 iyul tarixində Bakıda keçiriləcək 43-cü illik sessiyasına hazırlıq yüksək səviyyədə davam edir. Bu, miqyasına, iştirakçı ölkə və nümayəndə sayına görə ölkəmizin ev sahibliyi edəcəyi ən mötəbər tədbirlərdən biridir.
İyunun 13-də Bakı Konqres Mərkəzində UNESCO-nun Dünya İrs Komitəsinin Bakı sessiyasına hazırlıqla bağlı növbəti toplantı keçirildi. Məlumat üçün bildirək ki, Dünya İrs Komitəsinin 43-cü sessiyasının ölkəmizdə keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə Təşkilat komitəsi yaradılıb. Təşkilat komitəsinin sədri Azərbaycan Respublikasının Mədəniyyət naziridir. Komitəyə nazirliklərin, dövlət komitələrinin, digər aidiyyəti qurumların rəhbər və məsul şəxsləri daxildir.
Toplantıda çıxış edən mədəniyyət naziri, Təşkilat komitəsinin sədri Əbülfəs Qarayev sessiyaya hazırlıqla əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr haqqında məlumat verdi. Qeyd etdi ki, dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirməsi müstəqil dövlətimizin artan nüfuzundan xəbər verir.
Nazir çıxışında son illər Azərbaycan-UNESCO əməkdaşlığının uğurla inkişaf etdiyini dedi. Bildirdi ki, təşkilatla qarşılıqlı əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əvəzsiz xidmətləri var. Ötən il Dünya İrs Komitəsinin 42-ci sessiyasında Azərbaycan bir il müddətinə komitənin sədri seçilib. Ölkəmiz üçün böyük əhəmiyyətə malik belə bir qərarın qəbul edilməsi UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir.
Vurğulandı ki, UNESCO-nun bu əhəmiyyətli tədbirinin Bakıda keçirilməsi hər bir əlaqədar təşkilatın üzərinə böyük vəzifələr qoyur. Sessiyaya hazırlıqla bağlı görülməli olan işlərin əksər hissəsi həyata keçirilib: “Biz tədbir günlərində bütün prosesi nəzarətdə saxlamalıyıq. Tədbirin keçiriləcəyi günlərdə bütün qərargahlar işini eyni səviyyədə həyata keçirməlidir. 2400-ə yaxın iştirakçının yerləşdiriləcəyi hotel və məkanlar qərargahlar tərəfindən nəzarətdə saxlanılmalıdır. Tədbir iştirakçıları dünyada ictimai fikri formalaşdıran insanlardır və onların bizim vətənimiz, şəhərimiz, tarixi abidələrimiz, mədəni sərvətlərimiz haqqında düşüncələri və yazdıqları olduqca vacib əhəmiyyət kəsb edir”.
Əbülfəs Qarayev onu da diqqətə çatdırdı ki, sessiyanın keçirildiyi günlərdə Bakıda tədbirin ruhuna uyğun konsert və tamaşalar təqdim olunmalı, ölkəmizin qüdrəti, tarixi-mədəni zənginliyimiz təcəssüm etdirilməlidir. İçərişəhər və Qobustan qoruqları xüsusi iş rejimində çalışmalı, hər bir muzey və qoruq ingilis, rus və fransız dillərini bilən bələdçilərlə təmin edilməlidir. Həmçinin paytaxtın böyük ticarət obyektləri də işini uyğun şəkildə qurmalıdır. Bundan əlavə, şəhərdə abadlıq işlərinin həyata keçirildiyi tarixi binaların üzərində göstəricilərin vurulması təmin edilməlidir.
Daha sonra Mədəniyyət Nazirliyi Aparatı rəhbərinin müavini – Beynəlxalq əlaqələr və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə təqdimatla çıxış etdi. O, tədbirin təşkilində dəstək olan dövlət qurumlarına təşəkkürünü bildirdi və UNESCO qərargahında keçirilmiş məlumat sessiyası ilə bağlı detalları diqqətə çatdırdı.
Bildirildi ki, Prezident İlham Əliyevin sərəncamı ilə tədbir iştirakçılarının ölkəyə gəlişi asanlaşdırılıb və bu istiqamətdə əlavə tədbirlər həyata keçiriləcək. Prosesə 26 hotel cəlb olunub. Bakı Konqres Mərkəzində məlumat məntəqəsi və qaynar xətt fəaliyyət göstərəcək. İndiyədək 122 ölkə və 2000-dən çox iştirakçı 14 kateqoriya üzrə qeydiyyatdan keçib. Qonaqlar üçün turlar və mədəni proqramlar təşkil olunacaq. Artıq hotellər qonaqları qarşılamağa tam hazırdır.
Vurğulandı ki, sessiyanın açılış mərasimi əvvəlcə nəzərdə tutulduğu kimi, Qoşa Qala qapısında açıq havada deyil, Heydər Əliyev Mərkəzində reallaşacaq. Əsas iclaslar isə Bakı Konqres Mərkəzində keçiriləcək və tədbir UNESCO və BMT-nin saytı vasitəsilə birbaşa yayımlanacaq. Sessiya çərçivəsində iyunun 23-də “Gənc peşəkarların forumu” və iyunun 26-da “Abidə menecerlərinin forumu” təşkil olunacaq. Paytaxtla yanaşı, Qəbələ, İsmayıllı və Lahıcda da tədbirlər keçiriləcək.
Sessiya günlərində rəngarəng mədəni proqram və tədbirlər təşkil olunmalı, şəhərin ümumi mənzərəsi qonaqlarda xoş təəssürat yaratmalıdır. Bu məqsədlə Dövlət Reklam Agentliyinə də müvafiq tapşırıqlar verilib. Mədəni proqramla əlaqədar “Culture Guide” mədəniyyət bələdçisinin xüsusi buraxılışı nəşr olunacaq.
Nazir Əbülfəs Qarayev iclasın sonunda UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası və bu çərçivədə keçiriləcək digər tədbirlərin yüksək səviyyədə təşkili ilə bağlı bir daha əlaqədar qurumlara tapşırıq və tövsiyələrini verdi.
LALƏ