Azərbaycan

15 iyun 1918 – Bəstəkar, Xalq artisti Hacı Dadaş oğlu Xanməmmədov (1918 – 7.4.2005) Dərbənddə doğulub. “Bir dəqiqə” operettasının, populyar mahnıların (“Getmə, amandı”, “Qurban olduğum” və s.) müəllifidir. Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri olub.

15 iyun 1924 – Xalq şairi Hüseyn Arif (Hüseynzadə Hüseyn Camal oğlu; 1924 – 14.9.1992) Qazax rayonunda doğulub. “Bahar gələndə”, “Söylə, yadındamı?”, “Qocalan deyiləm” və s. kitabların müəllifidir. Azərbaycan Aşıqlar Birliyinin yaradıcısı və rəhbəri (1984-1992) olub.

15 iyun 1934 – Şair, ədəbiyyatşünas Hüseyn Kürdoğlu (Hüseyn Həsən oğlu Alışanov; 1934-2003) Laçın rayonunun Mollaməhmədli kəndində doğulub.

15 iyun 1945 – Xalq artisti Amaliya Əliş qızı Pənahova (1945 – 8.11.2018) Gəncədə doğulub. 1964-cü ildən Akademik Milli Dram Teatrında çalışıb. 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb. “Arxadan vurulan zərbə”, “Qərib cinlər diyarında”, “Babək”, “Gözlə məni” və s. filmlərdə çəkilib. Milli Məclisin deputatı (2000-2005), Mədəniyyət və İncəsənət Universitetinin professoru olub.

 

16 iyun 1888 – Xalq artisti, teatr xadimi Hacıağa Mütəllib oğlu Abbasov (1888 – 7.5.1975) Bakının Maştağa kəndində doğulub. 1921-ci ildən özünün yaratdığı Tənqid-Təbliğ Teatrına, daha sonra Akademik Dram Teatrına (1927-1929) rəhbərlik edib. Pyeslərin müəllifidir.

16 iyun 1939 – Şair, ədəbiyyatşünas, Əməkdar incəsənət xadimi, professor Rəfiq Zəka Xəndan (1939 – 7.1.1999) anadan olub. “Çağlayan”, “Könlümün yadigarı”, “Axıb gedən günlərimiz”, “Azərbaycanın səsi” və s. kitabların müəllifidir.

 

17 iyun 1926 – Xalq rəssamı Elbəy Rzaquliyev (1926 - 15.9.2007) anadan olub. Əsərləri bir sıra xarici ölkələrdə sərgilənib. “Telefonçu qız”, “Arşın mal alan” (1965), “Bakıda küləklər əsir”, “Gün keçdi”, “Arxadan vurulan zərbə” və s. filmlərin rəssamı olub.

 

18 iyun 1917 – Görkəmli bəstəkar, pedaqoq, Xalq artisti Əhməd Cövdət İsmayıl oğlu Hacıyev (1917 – 18.1.1994) anadan olub. Azərbaycanda simfonik musiqinin yaradıcılarından biridir, səkkiz  simfoniya, orkestr və xor üçün əsərlər bəstələyib. Qara Qarayevlə birlikdə yazdığı “Vətən” operasına görə SSRİ Dövlət mükafatına layiq görülüb.

 

Dünya

 

15 iyun 1843 – Norveç bəstəkarı, dirijor Edvard Qriq (Edvard Hagerup Grieg; 1843-1907) anadan olub. “Per Günt” süitası, 600-dən çox mahnı və romansın müəllifidir.

15 iyun 1946 – Məşhur yunan müğənnisi Demis Russos (Artemios Ventouris Roussos; 1946 – 25.1.2015) Misirin İsgəndəriyyə şəhərində doğulub.

 

16 iyun 1313 – İntibah dövrünün görkəmli italyan yazıçısı, şair Covanni Bokkaçço (Giovanni Boccaccio; 1313-1375) anadan olub. Povest və hekayələr toplusu olan “Dekameron” əsərinin müəllifidir.

16 iyun 1937 – Amerika yazıçısı, ssenarist və dramaturq Erik Siqal (Erich Wolf Segal; 1937-2010) anadan olub. “Məhəbbət tarixçəsi” povesti 20-dən çox dilə tərcümə olunub, əsər əsasında eyniadlı film çəkilib.

 

17 iyun 1818 – Fransız bəstəkarı, dirijor və pedaqoq Şarl Quno (Charles François Gounod; 1818-1893) anadan olub. “Faust”, “Romeo və Cülyetta” operalarının müəllifidir.

17 iyun 1882 – Rus bəstəkarı, dirijor, pianoçu İqor Stravinski (1882-1971) anadan olub. “Müqəddəs bahar”, “Səməndər quşu” baletlərinin, “Bülbül” operasının müəllifidir.

Hazırladı:  Vüqar ORXAN