Paytaxtımızda keçirilən “Baku Summer Jazz Days” (“Bakı Yay Caz Günləri”) festivalı bir-birindən maraqlı təqdimatlarla yadda qalıb. Festival çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin səhnəsində təqdim olunan konsertlər alqışlarla qarşılanıb.
“Baku Summer Jazz Days” “Premier LTD Art Management” prodüser agentliyinin layihəsidir. Agentliyin direktoru Nəzakət Qasımova festivalın ümumi mahiyyətini belə izah edir: “Caz musiqisi Bakı musiqi auditoriyasının çoxdan sevdiyi janrlardan biri kimi özünü hər zaman doğruldur. Bakıda caz musiqisini təbliğ edən tədbir və festivallar mütəmadi keçirilir. Biz də bu musiqinin təbliğini daha da intensiv inkişaf etdirmək məqsədilə yay fəsli keçiriləcək bu konsertlər silsiləsini gerçəkləşdirdik. Artıq üçüncü ildir ki, festival böyük rəğbətlə qarşılanır və gözəl yaradıcı ab-havada məkan alır. Biz də bunun daha parlaq olmasına çalışırıq”.
Festivalın növbəti caz gecəsində (14 iyun) Gürcüstanın “İRİAO” etno-caz qrupu və Avropada ən gənc və populyar fank-caz ifaçılarından olan Tom İbarranın kvinteti çıxış edib.
“İRİAO” qrupu gürcü musiqi folklorunun Quriya vilayətinə məxsus krimançuli ifa ənənəsini, gürcü xalq çalğı havalarını, eləcə də müasir etno-cazın rəngarəng aləmini bir üslubda qovuşduran nadir heyətlərdən biridir. Qrupun bədii rəhbəri, pianoçu və bəstəkar David Malazoniya, xalq çalğı alətləri ifaçısı Nuqzar Kavtaradze, bas-gitaraçı Şako Gelekva, zərbçi Levan Abşilava heyətin instrumental hissəsini təşkil edir, vokal ifa isə müğənnilər üçlüyünə - Buba Murquliya, Mixail Cavaxişvili və Qaqa Abaşidzeyə həvalə olunur. Qrup “Lazuri”, “Old City” kompozisiyalarını, “Suliko” xalq mahnısı, “Take 5” caz standartı və digər bəstələri müxtəlif səs ahəngləri və improvizəli ifalarla təqdim edib. Vaqif Mustafazadənin “Günəş” adlı kompozisiyası isə gürcü cazmenlərin Bakı dinləyicilərinə dərin ehtiramının ifadəsi olub.
Gənc fransız elektrogitaraçısı və bəstəkarı Tom İbarra iki CD albomunu buraxmış perspektivli ifaçılardandır. Əsasən fank, fanki-füjn, jazz-rock və digər bu qəbildən olan müasir cərəyanlarda çalışan İbarra 2015-ci ildə gerçəkləşdirdiyi “Sparkling” albomundan kompozisiyalar ifa edib.
“Bakı Yay Caz Günləri” festivalı iyunun 15-də Rusiyanın məşhur caz heyətlərindən biri – Oleq Lundstrem adına Caz orkestrinin konserti ilə başa çatıb. Bu il öz fəaliyyətinin 85 illiyini qeyd edən bu məşhur heyət Dənizkənarı bulvarda dinləyicilərə ənənəvi və müasir proqramlı caz axşamı təqdim edib.