Xəbər verdiyimiz kimi, Türkiyənin Azərbaycandakı səfirliyi və “Türk Hava Yolları”nın dəstəyi ilə “Fairmont Baku” hotelində yerləşən “Alov” restoranında Türk yeməkləri festivalı keçirilib.
Türkiyə səfirliyinin mədəniyyət və təbliğat müşavirliyindən verilən məlumata görə, “Fairmont Quasar İstanbul” hotelində yerləşən “Aila” restoranının aşpazları bir həftə ərzində festivalın qonaqlarına Anadolu yeməklərini həqiqi İstanbul ləzzəti və Osmanlı kulinariya mədəniyyətinin vəhdətində təqdim ediblər.
İyunun 13-də festivalın qonaqları media nümayəndələri olub. Türkiyə səfirliyinin mədəniyyət və təbliğat müşaviri İrfan Çiftçi media mənsublarını salamlayaraq qeyd edib ki, tədbir Türkiyə turizminin yeni təbliğat meyarlarına uyğun olaraq keçirilir. Məqsəd türk kulinariya mədəniyyəti, Osmanlı mətbəxini Azərbaycanda daha yüksək səviyyədə tanıtmaqdır.
Festival çərçivəsində Türkiyə mətbəxinə həsr olunmuş təqdimat keçirilib. Jurnalistlər müxtəlif ləziz təamların hazırlanması qaydaları ilə tanış olublar.
Türk yeməkləri festivalı iyunun 16-da başa çatıb.