Üç ay müddətində sənətsevərlərə yüksək zövq, iştirakçılara isə həyəcan dolu anlar yaşadan VII Muğam Televiziya Müsabiqəsi başa çatıb. İyunun 15-də Heydər Əliyev Mərkəzində keçirilən final gecəsində 7 gənc ifaçı səhnəyə çıxıb.
Tədbirdə gözəl mədəniyyət hadisəsi kimi yaddaqalan Muğam Televiziya Müsabiqəsinin finalının Milli Qurtuluş Gününə təsadüf etməsinin xüsusilə əlamətdar olduğu vurğulanıb. Qeyd olunub ki, əsrlərdən keçərək müasir dövrümüzə çatan muğam sənəti mədəniyyətimizin dünyada tanıdılmasında mühüm rol oynayır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə milli-mənəvi dəyərlərimizin daşıyıcısı olan xalq sənəti nümunələri UNESCO-nun mədəni irs siyahısına daxil edilib. Bu nümunələrdən biri də muğamdır. Heydər Əliyev Fondunun muğam sənətilə bağlı həyata keçirdiyi layihələr sırasında Muğam Televiziya Müsabiqəsi xüsusi yer tutur. 2005-ci ildə əsası qoyulan müsabiqə muğam irsinin qorunub saxlanılmasına, gələcək nəsillərə ötürülməsinə, gənc istedadların aşkar edilməsinə xidmət edir.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin iştirakı ilə Mədəniyyət Fondunun layihəsi əsasında keçirilən budəfəki müsabiqə də əsl sənət marafonuna çevrilib. VII Muğam Televiziya Müsabiqəsində iştirak üçün 400 ifaçı müraciət edib. Onlardan 20-si layihədə iştirak etmək hüququ qazanıb. Müsabiqə hər həftənin 2-ci və 4-cü günlərində Azərbaycan Televiziyası və “Mədəniyyət” kanalında canlı olaraq yayımlanıb.
VII Muğam Televiziya Müsabiqəsinin final gecəsində 7 xanəndə – Vəliş Mirzəyev, Faiq Əkbərov, Rəvan Qaçayev, Zülfiyyə Cəbrayılzadə, Murad Rüstəmzadə, İlahə Rüstəmova və Xəyal Hüseynov ifalarını təqdim ediblər. Gecədə İmadəddin Nəsiminin qəzəlləri üstə muğam şöbələri və təsniflər səslənib.
Sonra münsiflər heyətinin üzvləri – Xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov və müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi qalibləri müəyyənləşdirmək üçün məşvərət otağına dəvət olunublar. Münsiflər mükafatçı və qalibləri elan ediblər.
Əvvəlcə müsabiqənin diplomantları təltif olunublar. İki gənc ifaçıya – Suma Tapdıqovaya və İran İslam Respublikasının təmsilçisi Hüseyn Səbaya müsabiqənin xüsusi mükafatı təqdim edilib.
Gənc xanəndələr İlahə Rüstəmova və Xəyal Hüseynov müsabiqədə birinci yeri qazanıb. Birinci yerlərin sahiblərinə milli geyim dəsti təqdim olunub.
İkinci yeri Murad Rüstəmzadə və Zülfiyyə Cəbrayılzadə, üçüncü yeri Vəliş Mirzəyev, Rəvan Qaçayev və Faiq Əkbərov tutublar. Mükafatları münsiflər heyətinin üzvləri təqdim ediblər.
Qaliblərin mükafatlandırılmasından sonra çıxış edən müsabiqənin icraçı direktoru, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi muğam sənətinin inkişafına verdiyi yüksək dəstəyə görə Prezident İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya münsiflər heyəti adından dərin təşəkkürünü bildirib.
Daha sonra qalib xanəndələr “Qarabağ şikəstəsi”ni ifa ediblər.