Yeniyetmə şairin kitablarının təqdimatı

Milli Kitabxanada 10 yaşlı Sevindik Nəsiboğlunun “Dünyamsan, Azərbaycan” və “Hərdən uçmaq istəyirəm” adlı kitablarının təqdimatı olub.

Kitabxananın direktoru, professor Kərim Tahirov tədbiri açaraq belə istedadlı şagirdlərdə elmə, təhsilə, mütaliəyə həvəsin olduğunu görəndə çox sevindiyini, qürurlandığını bildirib. Qeyd edib ki, on yaşlı Sevindik həm mütaliə edir, həm də yazır. Bu yaşda iki şeir kitabının çap olunması çox təqdirəlayiqdir. İllər keçəcək, o bundan daha yaxşı yazacaq, vətəninə, xalqına layiqli bir övlad, vətəndaş olacaq.

Direktor Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə layihəsi olan “Açıq kitabxana”da tez-tez məktəbli uşaqlarla görüşlərin, gənc yazarların kitab təqdimatlarının keçirildiyini söyləyib, dövlətin gənclərə diqqət və qayğısından danışıb.

ADPU-nun kafedra müdiri, uşaq yazıçısı Zahid Xəlil istedadlı bir yeniyetmənin kitabının təqdimatının keçirilməsində iştirak etdiyinə görə şad olduğunu bildirib. O deyib: “Bu iki kitabı oxudum və gördüm ki, Sevindik ədəbiyyatda addımlarını düz atır, doğru yoldadır. Onun şeirlərində vətənpərvərlik duyğuları yüksəkdir”.

Professor Rafiq Yusifoğlu və digər çıxış edənlər müəllifi hər iki kitabın çap olunması və təqdimatı münasibətilə təbrik ediblər.