Xəbər verdiyimiz kimi, Rusiya paytaxtında ənənəvi “İntermuzey” Beynəlxalq muzeylər festivalı keçirilib. Moskvada “Manej” Mərkəzi Sərgi Zalında gerçəkləşən sayca 21-ci “İntermuzey” festivalında ölkəmiz də təmsil olunub. Builki muzey forumunun başlıca mövzusu “Peşəkarların dialoqu” olub.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə beynəlxalq tədbirdə Azərbaycan Xalça Muzeyi və Qara Qarayevin ev-muzeyi iştirak edib.
Azərbaycan Xalça Muzeyinin guşəsində xovlu və xovsuz xalça nümunələri, öz nəşrləri nümayiş etdirilib, xovsuz xalça olan zilinin toxunması üzrə ustad dərsi keçirilib. Qara Qarayevin ev-muzeyi tədbirdə görkəmli bəstəkarın həyat və fəaliyyətinə həsr olunmuş film, kitab və notları təqdim edib. Ölkəmizin stendi festival iştirakçıları və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Festival çərçivəsində keçirilən elmi konfransda Xalça Muzeyinin baş mütəxəssisi Aynur Məmmədova “Azərbaycan Xalça Muzeyi kolleksiyalarının zənginləşdirilməsi metodları” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirin sonunda hər iki muzey Rusiyanın Mədəniyyət Nazirliyi tərəfindən diplomla təltif edilib.