Bakıda Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının 110-cu sessiyası keçirilib

İyunun 16-dan 18-dək Bakıda Birləşmiş Millətlər Dünya Turizm Təşkilatı İcraiyyə Şurasının 110-cu sessiyası keçirilib. Ölkəmiz ilk dəfə təşkilatın bu mötəbər toplantısına ev sahibliyi edib. Xatırladaq ki, bu barədə qərar Dünya Turizm Təşkilatının 2018-ci ildə İspaniyanın San-Sebastian şəhərində keçirilmiş 108-ci sessiyasında qəbul olunmuşdu. Azərbaycan 2001-ci ildə bu quruma üzv olub, 2013-cü ildən təşkilatın İcraiyyə Şurasında təmsil olunur.

“İrsimizi qoruyaq: sosial, mədəni və ekoloji davamlılıq” başlığı atlında keçirilən sessiyada 37 ölkədən və 5 beynəlxalq təşkilatdan nümayəndə heyətləri iştirak edib.

Sessiyanın açılış mərasimində Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili, təşkilatın İcraiyyə Şurasının sədri Çarls Banda və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxış ediblər.

Qonaqları salamlayan Fuad Nağıyev son illərdə Azərbaycanda turizmin inkişafı üçün atılan addımlar, ölkə xaricində aparılan təbliğat işləri, Azərbaycanın yeni turizm brendi, milli mədəni irsin qorunması üçün görülən tədbirlər barədə məlumat verib. O, turizmdə etik normaların vacibliyindən danışaraq Azərbaycanın işğal olunmuş torpaqlarında mövcud olan mədəni irs nümunələrinin məhv edilməsini, beynəlxalq hüquq normalarının işğalçı Ermənistan tərəfindən kobudcasına pozulması faktını sessiya iştirakçılarının diqqətinə çatdırıb.

Agentlik sədri Dünya Turizm Təşkilatının “Münaqişə zonalarının turizm məkanı kimi və turizmin qanunsuz məqsədlər üçün istifadəsinin qarşısının alınması” qətnamə layihəsi ilə bağlı qərarını yüksək qiymətləndirərək, qərarların tövsiyə xarakterli deyil, məcburi qüvvədə olmasının məqsədəuyğunluğunu bildirib.

Sessiyada “Turizm və davamlılıq”, “Yerli səviyyədə davamlılığın artırılması”, “Turizm və daxiletmə: sosial ölçü”, “Turizm və mədəni qoruma” mövzularında tematik müzakirələr keçirilib.

***

İyunun 17-də Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın Dünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili ilə görüşü olub.

Görüşdə İDEA və DTT arasında əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb. Memorandum tərəflər arasında gələcək fəaliyyət çərçivəsini və əməkdaşlıq sahələrini müəyyənləşdirir. Sənədə əsasən, hər iki təşkilat turizmin ekoloji dayanıqlığa təsir edən amillərdən biri kimi təşviq edilməsi istiqamətində birgə səylər göstərəcək.

Görüşdə Leyla Əliyeva DTT tərəfindən dünyada turizmin inkişafının əlaqələndirilməsi istiqamətində aparılan fəaliyyəti yüksək qiymətləndirərək, turizm sektorunun inkişafının planetin dayanıqlı gələcəyi üçün əhəmiyyətini vurğulayıb. Leyla Əliyeva zəngin mədəni irsi və müasir infrastrukturu ilə yanaşı, Azərbaycanda bol təbii sərvətlər və rəngarəng coğrafi landşaftın mövcud olmasını qeyd edərək, həyata keçiriləcək birgə layihələrin ölkədə ekoturizmin inkişafına böyük töhfə verəcəyindən əminliyini vurğulayıb.

Zurab Pololikaşvili rəhbərlik etdiyi təşkilat ilə İDEA arasında əməkdaşlığın qurulmasından məmnunluğunu bildirərək, Azərbaycanın cəlbedici turizm məkanı kimi potensialının inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu qeyd edib.