Gəncə şəhərində Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) yaradılmasının 85 illiyi çərçivəsində səyyar plenum keçirilib.
Səyyar plenumun açılış konserti iyunun 19-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının səhnəsində təqdim olunub. Proqrama Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Asəf Zeynallı, Qəmbər Hüseynli, Tofiq Quliyev, Telman Hacıyev, Dadaş Dadaşov, Firəngiz Əlizadə, Sərdar Fərəcov, Məmməd Cəfərov, Ceyhun Allahverdiyev, Aliyə Məmmədova, Firudin Allahverdiyev, eləcə də gənc bəstəkarların yaradıcılıq nümunələri daxil edilib.
Açılış konsertində Gəncə Dövlət Filarmoniyasının Kamera orkestri (bədii rəhbər və dirijor – Xalq artisti Rafael Bayramov, konsertmeyster – Zərinə Allahverdiyeva) və Xalq çalğı alətləri orkestri (dirijor – Əməkdar artist Elçin Elçiyev, konsertmeyster – Əməkdar artist Mahir Məmmədov) və xor kollektivi çıxış edib.
İyunun 20-də Mir Cəlal Paşayevin ev-muzeyində Azərbaycan Bəstəkarlar İttifaqının yaradılmasının 85 illiyi çərçivəsində səyyar plenum keçirilib.
Plenumda ABİ-nin katibləri – Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Aliyə Məmmədova, Bakı Musiqi Akademiyasının dosenti, ABİ-nin üzvü Turan Məmmədəliyeva, ABİ-nin Gəncə bölməsinin sədri Məmməd Cəfərov, Gəncə Dövlət Universitetinin Musiqişünaslıq kafedrasının müdiri, professor Sevda Qurbanəliyeva, Gəncə şəhərindəki Musiqi kolleci və məktəblərinin müəllimləri, musiqiçilər və gənc bəstəkarlar iştirak edib.
Professor Sevda Qurbanəliyeva Bəstəkarlar İttifaqının yaradılmasının 85 illiyi çərçivəsində keçirilən səyyar plenumun ilk olaraq Nizami yurdunda təşkil edilməsini şəhərin mədəni həyatında böyük hadisə kimi dəyərləndirib.
Vurğulanıb ki, Azərbaycan musiqi mədəniyyətinə Fikrət Əmirov, Qəmbər Hüseynli kimi böyük bəstəkarlar və musiqiçilər bəxş edən Gəncə şəhərində bu gün mədəniyyət müasir inkişaf dövrünü yaşayır. Bu cür tədbirlərin təşkili şəhərdə gənc bəstəkarların yetişməsində, musiqi kollektivlərinin peşəkarlığının artırılmasında, onların Bakı şəhərində fəaliyyət göstərən ayrı-ayrı musiqi kollektivləri ilə yaradıcılıq əlaqələrinin qurulmasında mühüm rol oynayacaq.
Qeyd edilib ki, hazırda Gəncə şəhərində 5 uşaq musiqi məktəbi, İncəsənət məktəbi, Musiqi Kolleci, Gəncə Dövlət Filarmoniyası, filarmoniya nəzdində Xalq çalğı alətləri və Kamera orkestrləri fəaliyyət göstərir, həmçinin Gəncə Dövlət Universitetində musiqi müəllimliyi ixtisası tədris edilir.
ABİ-nin katibi Aliyə Məmmədova bildirib ki, ittifaqın yubiley ili çərçivəsində ölkənin mədəni və ictimai həyatında bir sıra tədbirlər həyata keçiriləcək. O, möhtəşəm memarlıq arxitekturasına malik Gəncə Dövlət Filarmoniyasının istifadəyə verilməsini, filarmoniyada fəaliyyət göstərən musiqi kollektivlərinin hazırlıq səviyyəsini yüksək dəyərləndirib.
Plenumda Gəncə şəhərində musiqi mədəniyyətinin inkişafı üçün bu cür tədbirlərin daha intensiv keçirilməsinin zəruriliyi vurğulanıb. Şəhərdə fəaliyyət göstərən musiqi kollektivlərində repertuar zənginliyinin yaradılması, musiqi kitabxanasının qurulması, gənc istedadların aşkarlanması və onların akademik səviyyələrinin yüksəldilməsi, şəhərdə qədim musiqi alətləri orkestrinin yaradılması, uşaq musiqisinin inkişafına yardım edilməsi, gənc bəstəkarlara musiqi sifarişlərinin verilməsi, televiziyalarda gənc bəstəkarların yaradıcılığına efir vaxtının ayrılması kimi təklif və tövsiyələr səsləndirilib.
Sonda beynəlxalq müsabiqə və festivalların laureatları tərəfindən Azərbaycan bəstəkarlarının kamera-instrumental və vokal əsərləri ifa olunub.