Sessiyada Dünya irsi siyahısına daxil edilmək üçün 36 təqdimat nəzərdən keçiriləcək
Parisdə, UNESCO-nun baş qərargahında qurumun Dünya İrs Komitəsinin 30 iyun – 10 iyul tarixində Bakıda təşkil ediləcək 43-cü sessiyası ilə bağlı mətbuat konfransı keçirilib. Konfransda müxtəlif ölkələrin jurnalistləri iştirak edib.
UNESCO-nun Dünya İrs Mərkəzinin direktoru Mextild Rossler Bakıda keçiriləcək sessiyanın gündəliyi, müzakirə olunacaq sənədlər, büdcə və prosedur qaydaları ilə bağlı yeniliklərdən danışıb. O, həmçinin UNESCO-nun Dünya İrs Komitəsinin 21 üzv-dövlətdən ibarət olduğunu bildirib, komitənin üzvləri və roluna dair məlumat verib. Bildirib ki, Bakı sessiyasında Dünya irsi siyahısına daxil edilmiş 166 mədəni irsin saxlanması vəziyyəti ilə bağlı hesabatlar nəzərdən keçiriləcək.
Xanım M.Rossler jurnalistlərin mədəni irsin qorunub saxlanması, iqlim dəyişikliyinin irs sərvətlərinə təsiri, Paris Notr-Dam kilsəsinin bərpası, digər məsələlər, eləcə də Bakı sessiyasına dair suallarını cavablandırıb.
Diqqətə çatdırılıb ki, Bakı sessiyasında Dünya irsi siyahısına daxil edilmək üçün verilmiş 42 təklifdən seçilmiş 36 təqdimat nəzərdən keçiriləcək. Bu təqdimatdan 6-sı təbiət, 28-i mədəniyyət və 2-si həm təbiət, həm də mədəniyyət abidəsidir.
Qeyd edək ki, Azərbaycan Şəki xan sarayı ilə birgə şəhərin tarixi mərkəzinin UNESCO-nun Dünya irsi siyahısına salınmasını təklif edib.
Hazırda Dünya irsi siyahısında 167 ölkədən ümumilikdə 1092 nümunə var. Azərbaycandan Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə İçərişəhər (2000-ci il) və Qobustan qayaüstü rəsmləri (2007) bu siyahıda yer alıb.
Mətbuat konfransında Dünya İrs Mərkəzinin kommunikasiya nümayəndəsi Gina Doubleday “Dünya irsi” jurnalının “Dünya irsi Azərbaycanda” adlı xüsusi nömrəsini jurnalistlərə paylayıb. Jurnalın üz qabığında Qobustanın qayaüstü rəsmləri əks olunub.
“Dünya irsi Azərbaycanda” jurnalında UNESCO-nun Baş direktoru Odri Azuley, Dünya İrs Mərkəzinin direktoru Mextild Rossler, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevin xüsusi ismarışları, ölkəmizin Dünya irsi siyahısına daxil edilmiş sərvətləri, tarix və müasirliyi özündə birləşdirən Bakı şəhəri, Xalça Muzeyi, Heydər Əliyev Mərkəzi haqqında ətraflı məlumat verilib.