Respublika xalq teatrları konfransı
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşən III Respublika Xalq Teatrları Festivalı çərçivəsində iyunun 25-də Muzey Mərkəzində ilk dəfə Respublika xalq teatrları konfransı keçirildi.
“Xalq teatrları peşəkar səhnənin beşiyidir” adlı konfrans Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən Azərbaycan teatr ənənələrinin qorunması və inkişafına dəstək göstərilməsi, peşəkar teatr üçün baza rolunu oynayan xalq teatrları və dram dərnəklərinin fəaliyyətinin stimullaşdırılması, gənc nəslin bu sahəyə marağının artırılması məqsədilə təşkil olunub.
Konfransın açılışında çıxış edən mədəniyyət nazirinin müavini Rafiq Bayramov başa çatan III Respublika Xalq Teatrları Festivalının əhəmiyyətindən söz açdı. Bildirdi ki, məhsuldar gündəliyi olan, final mərhələsində 13 kollektivin çıxış etdiyi festival yerlərdə teatr sənətinin inkişafına töhfə olacaq. Bu gün dövlət tərəfindən mədəniyyətin bütün sahələrinə, o cümlədən teatr sənətinə diqqət və qayğı göstərildiyini deyən nazir müavini peşəkar teatr kollektivlərinin formalaşmasında xalq teatrlarının mühüm rolunu vurğuladı. Bildirdi ki, xalq teatrlarının yerlərdəki mədəni mühitdə hərəkətverici missiyasına nail olmaq, onların fəaliyyət dairəsini genişləndirmək ümdə vəzifələrdəndir.
Rafiq Bayramov xalq teatrlarının gələcək fəaliyyəti üçün konfrans iştirakçılarından konkret təkliflər gözlədiklərini və nazirliyin xalq teatrları ilə bağlı bundan sonra da sistemli iş aparacağını dedi. Qeyd etdi ki, bu kimi konfranslar, fikir mübadilələri xalq teatrlarının inkişafına, onların yaradıcılıq səviyyəsinin artırılmasına kömək edir. Nazir müavini ayrı-ayrı rayonlarda yeni xalq teatrlarının yaradılması üçün zəmin hazırlanmasının vacibliyini də qeyd etdi.
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev çıxışında iki paneldə davam edəcək konfransın həm hesabat xarakterli fikirlər, həm də qarşıda duran məqsəd və vəzifələrlə bağlı konkret təkliflər üçün imkan yaratdığını vurğuladı.
Sonra konfrans “Xalq teatrlarına dövlət qayğısı” və “Xalq teatrlarının perspektivi” adlı iki paneldə işini davam etdirdi.
Birinci paneldə Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev, Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova, Xalq artisti Tariyel Qasımov və başqaları xalq teatrı kollektivlərinin fəaliyyət və nailiyyətləri, onların qarşısında duran problemlər barədə fikirlər səsləndirdilər. Çıxışlarda ustad dərslərinin keçirilməsi, təcrübə mübadiləsi, qarşılıqlı qastrol səfərləri, xalq teatrları üçün repertuarın zənginləşməsini təmin edəcək birpərdəli pyeslərin sifarişi və s. mövzularda təkliflər irəli sürüldü.
Panel iclaslarında həmçinin MEMİM-in əməkdaşı Hikmət Nəbili (“Azərbaycan teatrının tarixi və inkişafı”), Şəki Regional Mədəniyyət İdarəsinin Zaqatala rayonu üzrə nümayəndəsi Fizzə Mahmudova (“Zaqatala xalq teatrının rayonun mədəni həyatında rolu”), Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzinin metodisti, Xalq teatrının bədii rəhbəri İlham Tağızadə (“Xalq teatrlarımız zamanın axarında”), AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov (“Xalq özfəaliyyət teatrının milli teatr prosesinə təsir parametrləri”), Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrasının müəllimi Elçin Cəfərov (“Xalq teatrları müasir mədəniyyət prosesi kontekstində: problemlər və perspektivlər”), Zaqatala rayon Xalq teatrının bədii rəhbəri Bayram Qurbanov (“Xalq teatrları və onların yaradıcılıq yolu”) və başqaları çıxış etdilər.
Çıxışlarda xalq teatrlarının bölgələrdəki mədəni həyata təsiri, istedadlı aktyorların yetişməsi üçün oynadığı rol önə çəkilərək, peşəkar teatrlar üçün baza kimi əhəmiyyəti vurğulandı, təkliflər səsləndirildi. Hər iki panel üzrə müzakirələrdən sonra iştirakçılara sertifikatlar təqdim olundu.
HƏMİDƏ