Rəssam və heykəltəraş Mahmud Rüstəmovun sərgisi
İyunun 21-də Muzey Mərkəzinin qalereyasında tanınmış rəssam və heykəltəraş Mahmud Rüstəmovun “Un/published” adlı fərdi sərgisinin açılışı keçirildi.
İngilis dilindən tərcümədə “Dərc olunmamışlar” mənasını versə də, kontekstə görə, sərginin adını “indiyədək sərgilənməmişlər” kimi anlamaq daha düzgün olar. Çünki ölkəmizdə və xaricdə keçirilən bir çox fərdi və qrup sərgilərində, tematik vernisajlarda iştirak etmiş müəllif bu dəfə sənətsevərlərin diqqətinə təqdim etdiyi əsərlərini indiyədək heç bir məkanda nümayiş etdirməyib.
Muzey Mərkəzi və Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə təşkil etdiyi sərginin açılışında ilk çıxış edən qalereyanın direktoru Qalib Qasımov söylədi ki, rəssamın yaradıcılığının müxtəlif mərhələlərini əks etdirən tablolar, qrafika, heykəltəraşlıq və müasir incəsənət nümunələri bu məkana toplanılıb.
Müəllifi sərgi münasibətilə təbrik edən Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov isə qeyd etdi ki, Mahmud Rüstəmovun hər bir əsəri əsl incəsənətdən söz açır.
Açılış mərasiminin sonunda rəssam təşkilatçılara və qonaqlara onun yaradıcılığına diqqət göstərdiklərinə görə minnətdarlığını bildirdi və hər kəsi sərginin ekspozisiyası ilə tanış olmağa dəvət etdi.
Azərbaycana istedadlı təsviri sənət ustaları bəxş etmiş Rüstəmovlar nəslinin nümayəndəsi Mahmud Rüstəmov tanınmış heykəltəraş Aslan Rüstəmovun oğludur. O, heykəltəraşlıqla yanaşı, rəngkarlıq və qrafika ilə məşğul olur, müntəzəm olaraq sərgilərdə iştirak edir.
Mahmud Rüstəmovun yaradıcılığını fantastika ilə gerçəkliyin qəribə qovuşuğu hesab etmək olar. Onun əsərləri müəllifin zəngin təxəyyülünün qeyri-adi təzahürü olması ilə diqqəti çəkir, qəhrəmanları isə nağıl və əsatirlərdən tanıdığımız məxluqları xatırladır. Rəssam özü bu barədə müsahibələrində deyir: “Bu, tamam fərqli məkan, mənim yaşadığım paralel dünyadır. Uşaqlıqda elmi fantastikanı oxumağı çox sevirdim. Fantastik əsərləri oxuyanda kitabdakı qəhrəmanlarla birlikdə kosmosa “səyahət edər”, yadplanetlilərin necə yaşadığını xəyal edərdim. Görünür, həmin uşaqlıq fantaziyalarım mənim işlərimdə öz əksini tapıb. Fərqli görünənləri birləşdirmək, qeyri-adi fiqurlar yaratmaq xoşuma gəlir”.
Ekspozisiyada rəssamın müxtəlif illərdə yaratdığı əsərlər nümayiş olunur. Müəllif etiraf edir ki, bu əsərlər üzərində çalışarkən onları nə vaxtsa nümayiş etdirəcəyini düşünmürmüş. Odur ki, “Un/published” sərgisindəki əsərlərin heç biri istər mövzu, istərsə də üslub baxımından bir-birini tamamlamır: onları birləşdirən yeganə məqam nümayiş məqamlarının məhz indi yetişməyidir. Sərgi sanki tamaşaçını fırça və tişə ustasının emalatxanasına dəvət edir. Ona müəllifin sifarişçi, tamaşaçı rəyinə hesablanmadan, sadəcə, “ürəyi istəyən” kimi, “özü” üçün yaratdığı əsərlərlə tanış olmaq imkanı verir.
Bu sərgidə natürmort da var, natürmorta oxşayan, lakin tünd rəng çalarlarında işlənmiş əsərlər də. Naxışlı lövhələr silsiləsi isə xalça fraqmentlərini xatırladır. Düzdür, onları xalis xalça kompozisiyasından daha çox həndəsi abstraksiya hesab etmək daha düzgün olardı.
Biz nə qədər fikir söyləsək də, Mahmud Rüstəmovun bu ekspozisiyası barədə tanınmış rəssam, fəlsəfə doktoru Teymur Daimi qədər dəqiq ola bilməyəcəyik deyə, elə ona istinad etmək istəyirik: “Burada janrlar, növlər, üslublar, istiqamətlər və ifadə texnikaları arasında sərhədlər silinir. Mahmud həm abstraksionistlərin, həm ekspressionistlərin, həm sürrealistlərin, həm də realistlərin cərgəsində öz yerini tuta bilər – onun təqdim etdiyi əsərlərin üslub və texniki diapazonu çox genişdir”.
Sərgi iyulun 10-dək davam edəcək.
GÜLCAHAN