Moskvada, Rusiya Federasiyası (RF) Xarici İşlər Nazirliyinin qəbul evində Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti Tahir Salahovun sərgisi açılıb.
Sərginin açılış mərasimində RF xarici işlər naziri Sergey Lavrov çıxış edib. Nazir qeyd edib ki, Tahir Salahovun fəxri adları və təltifləri çoxdur, lakin onun ən böyük mükafatı xalqın sevgisidir. O, rəssama müraciətlə deyib: “Öz işlərinizlə bizi sevindirməkdə davam etdiyinizə görə Sizə çox minnətdarıq. Ümidvarıq ki, bu gün buraya gələ bilməyən, lakin bu işləri görmək arzusunda olan insanların hamısı üçün bu ekspozisiyanı davam etdirəcəyik. Sizə yaradıcılıq uğurları, cansağlığı və həmişə sənətkar kimi qalmağınızı arzu edirəm”.
Yaradıcılığına göstərilən diqqətə görə təşəkkürünü bildirən Tahir Salahov qeyd edib ki, Bakı Expo Mərkəzində keçirilən sərgi zamanı Rusiyanın xarici İşlər Naziri Sergey Lavrov onu RF XİN-in ordeni ilə təltif edib və Moskvada onun işlərinin sərgisinin keçirilməsini təklif edib.
Tahir Salahov deyib: “Sergey Viktoroviç sözünün üstündə durdu və Rusiyanın bu incəsənət və mədəniyyət məbədini, diplomatiya, həmrəylik və birlik məbədini, sülh, dostluq, səmimiyyət və həmrəylik məsələlərinin həll edilmiş olduğu və bu gün də həll edildiyi tarixi binanı mənim sərgim üçün təqdim edib”.
Rəssam diqqətə çatdırıb ki, sərgidə Qara Qarayev, Şostakoviç, Rıbak, Soljenitsın, Pikasso, Rauşenberq, Boris Yefimov, Salvador Dali kimi şəxsiyyətlərin portretləri, xalça texnikasında çəkilmiş rəsm əsərləri təqdim edilir.
Açılış mərasimində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, RF Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Dövlət Tretyakov Qalereyasının baş direktoru Zelfira Trequlova, RF XİN-in nümayəndələri, ictimai və siyasi xadimlər iştirak ediblər.