Dünya İrs Komitəsinin Bakı sessiyası çərçivəsində Gənc Peşəkarlar Forumu keçirilir
Məlum olduğu kimi, iyunun 30-dan iyulun 10-dək Bakıda UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası keçiriləcək. Mötəbər tədbir çərçivəsində ölkəmiz daha bir beynəlxalq foruma ev sahibliyi edir. Dünyanın 30 ölkəsini təmsil edən 30 gənc irs mütəxəssisi 24 iyun – 2 iyul tarixində keçirilən Dünya İrsi Gənc Peşəkarlar Forumunda iştirak etmək üçün paytaxtımıza gəlib.
Son illər Dünya İrs Komitəsinin illik sessiyaları çərçivəsində ənənəvi olaraq təşkil olunan Gənc Peşəkarlar Forumu bu il “Dünya irsi: qlobal çağırışlar üçün yerli ideyalar” mövzusuna həsr olunub.
İyunun 23-də Bakıya gələn forum iştirakçıları üçün Dağüstü parka səfər təşkil edilib. Burada onlar həmçinin Şəhidlər xiyabanını ziyarət ediblər.
İyunun 24-də Azərbaycan Memarlıq və İnşaat Universitetində Dünya İrsi Gənc Peşəkarlar Forumunun açılış mərasimi keçirildi.
Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova çıxış edərək qonaqları salamladı. Bildirdi ki, Dünya İrs Komitəsinin 43-cü sessiyası ərəfəsində bu forumun təhsil ocağında keçirilməsi böyük əhəmiyyət kəsb edir. Ölkəmizin zəngin mədəni irsi haqqında söz açan rektor Şirvanşahlar sarayı və Qız qalası ilə birlikdə İçərişəhərin, həmçinin Qobustan qoruğunun UNESCO-nun Dünya irsi siyahısına salınaraq bəşəri status qazandığını vurğuladı.
Gülçöhrə Məmmədova forum iştirakçılarına ölkəmizdə olduqları müddətdə Azərbaycanın memarlıq abidələri ilə yaxından tanış olmağı tövsiyə etdi və tədbirin işinə uğurlar arzuladı.
Mərasimdə çıxış edən UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı yaradılmış Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev forum iştirakçılarını salamladı. Qeyd etdi ki, Dünya İrs Komitəsinin 43-cü sessiyasının ilk tədbiri öz işinə başlayır. Belə bir tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin böyük uğurudur: “Biz bu uğura ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın sayəsində imza atmışıq. Bu tədbirin gerçəkləşməsində Dünya İrs Komitəsinin səylərini və nazirliyin əməkdaşlarının da fəaliyyətini qeyd etmək lazımdır”.
Nazir diqqətə çatdırdı ki, sessiya üzrə ilk tədbir gənc nəslin dünya mədəni irsinin qorunmasına cəlb olunmasına həsr edilib: “UNESCO ilə Azərbaycan hökuməti dünya üzrə 800 namizəd arasından seçilən 30 nəfər gəncin bir həftə müddətində bizim təcrübəmizlə tanış olmağına imkan yaradıb. Forum çərçivəsində gənclər qarşılıqlı fikir mübadiləsi aparacaq və Azərbaycanın tarixi məkanlarına səfər edərək bu məkanların qorunma sistemi ilə tanış olacaqlar. Forumun sonunda iştirakçılar öz hesabatlarını təqdim edəcəklər. Gənclərin gözü ilə Azərbaycanda gedən proseslər haqqında fikirlər səslənəcək və mən əminəm ki, ölkəmizdə tarixi abidələrin qorunması sahəsindəki işlər müsbət qiymətləndiriləcək”.
Dünya İrs Komitəsinin sessiyası ilə bağlı ölkəmizə gələcək qonaqların regionlarımızın abidələri ilə, həmçinin müasir unikal tikililərlə də tanış olmaq imkanı əldə edəcəklərini diqqətə çatdıran nazir forumun iştirakçılarına uğurlar arzuladı.
Sonra UNESCO-nun Dünya İrs Mərkəzinin direktoru Mextild Rosslerin iştirakçılara videomüraciəti təqdim edildi.
Ardınca UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov çıxış etdi. O, Azərbaycan-UNESCO əlaqələrinin daha da genişlənməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətlərinin olduğunu vurğuladı.
Baş katib təşkilatla dinamik əməkdaşlığın həyata keçirildiyini, bu əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırdı. Elnur Sultanov onu da vurğuladı ki, Ermənistanın işğalı nəticəsində Azərbaycanın mədəni abidələri talan edilib, yaxud mənimsənilib.
Mədəniyyət Nazirliyi Aparatı rəhbərinin müavini – Beynəlxalq əlaqələr və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə çıxış edərək forumun proqramı haqqında məlumat verdi. Bildirdi ki, iyulun 2-dək davam edəcək forumun məqsədi XXI əsrdə dünyada mədəni irsin idarə edilməsində mövcud problemlər və imkanların üzə çıxarılmasıdır.
Diqqətə çatdırıldı ki, forumun ilk 4 günündə tədbirlər Memarlıq və İnşaat Universiteti ilə yanaşı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Qobustan qoruğu və Qəbələ-İsmayıllı-Lahıc bölgəsində gerçəkləşəcək. Əcnəbi və yerli irs ekspertlərinin iştirakı ilə bir sıra təqdimatlar ediləcək, dəyirmi masalar keçiriləcək. İştirakçılar UNESCO-nun 1972-ci il “Dünya mədəni və təbii irsinin qorunması haqqında Konvensiyası”na dair praktiki biliklər əldə edəcəklər. Qonaqlar həmçinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyinin qlobal konsepsiyaları ilə tanış olacaqlar. Sonda forum iştirakçıları Dünya İrs Komitəsinin 43-cü sessiyasında öz bəyannamələrini təqdim edəcəklər.
Şöbə müdiri sonda foruma qatılan gənc iştirakçıları və qonaqları Təşkilat komitəsinin sədrinə təqdim etdi.
Açılış mərasimindən sonra Mədəniyyət Nazirliyi ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında təhsil, innovasiya, elm, ixtisasartırma və məşğulluq sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalandı.
Dünya İrsi Gənc Peşəkarlar Forumunun ilk iş günündə daha sonra Azərbaycan Memarlar İttifaqının üzvü Səbinə Hacıyevanın “Azərbaycan irsinin görünüşü: Şərq və Qərbin harmoniyası”, Raymond Lemaire Beynəlxalq Qoruma Mərkəzinin prezidenti, professor Bayan Minja Yangın “Mədəni irsin qorunması və bərpası” mövzusunda məruzələri dinlənildi. Dəyirmi masada UNESCO-nun Şəhər dizaynı və mühafizəsi kafedrasının professoru Maykl Turner və başqalarının iştirakı ilə müzakirələr aparıldı.
***
İyunun 25-də Dünya İrsi Gənc Peşəkarlar Forumu işini “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin konfrans zalında davam etdirdi.
Qoruğun idarə heyətinin üzvi Cavid Kazımov “Bakının tarixi mərkəzinin qorunması və universal dəyər” mövzusunda çıxış etdi. Məruzə zamanı İçərişəhərin tarixi , buradakı qədim abidələr, tikililər, muzeylər haqqında ətraflı məlumat diqqətə çatdırıldı. Məruzədən sonra forum iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.
Daha sonra sənədli film nümayiş olundu. Filmdə İçərişəhər ərazisində Məhəmməd məscidi, Qız qalası, Şirvanşahlar sarayı və Bəylər məscidində aparılan bərpa işlərindən bəhs olunurdu.
Günün ikinci yarısında dəyirmi masa şəklində davam edən forum idarəetmə və bərpa-konservasiya məsələlərinə həsr olunmuşdu. Müzakirələr zamanı UNESCO-nun Şəhər dizaynı və mühafizəsi kafedrasının professoru Maykl Turner “Müasir şəhərlərdə irsin qorunması” mövzusunda fikirlərini bölüşdü. Müstəqil ekspert, tarixçi Fuad Axundov “Bakı: XIX-XX əsr memarlıq və mədəniyyət inqilabı” adlı təqdimatla çıxış etdi.
Raymond Lemaire Beynəlxalq Qoruma Mərkəzinin prezidenti, professor Minja Yangın moderatorluğu ilə “Qlobal çağırışlar üçün yerli anlayışlar” mövzusunda “Mədəni irsin qorunması və bərpası niyə vacibdir?” istiqamətli diskussiya və müzakirələr aparıldı. Forumun ikinci iş günü iştirakçıların İçərişəhər turu ilə yekunlaşdı.
Lalə AZƏRİ