Bir çox müqtədir sənətkarlarımız var ki, adları çəkiləndə Azərbaycan teatr və kinosunun dəyərli sənət nümunələri yada düşür. Xalq artisti, istedadlı aktrisa Barat Şəkinskaya (1914-1999) da teatrda oynadığı rolları və ekran obrazları ilə hər zaman sevilərək xatırlanan sənətkarlarımızdandır.

“İnsanın evi könlünün bağlı olduğu yerdir” deyirlər. Barat xanım da həyatı qədər sevdiyi səhnəyə, sənətə erkən yaşlarından aşiq olub, teatrı ikinci evi hesab edib. On üç yaşından Gəncədə Qadınlar klubunun dram dərnəyinə üzv olub, 1929-cu ildən 1933-cü ilədək Gəncə İşçi klubunda fəal iştirak edib. Həmin ildən Gəncə Dövlət İşçi Teatrında yerli dramaturqların əsərləri əsasında hazırlanan tamaşalarda aparıcı rolları ifa edib. 1935-ci ildə Bakıya gəlib, yaradıcılıq taleyini Akademik Milli Dram Teatrı ilə bağlayıb. Teatrın səhnəsində ona yerli və xarici dramaturqların əsərləri əsasında hazırlanan məzmunlu rollar həvalə olunduğundan aktrisanın zəngin yaradıcılıq dövrü də məhz bu teatrda başlayıb.

İncə və lirik səs tembrinə malik olan aktrisanın teatrın səhnəsində peşəkarlıqla təqdim etdiyi koloritli rolları kinorejissorlarımızın da diqqətindən yayınmayıb. Ona səkkiz filmdə irili-xırdalı rollar həvalə edilib. Aktrisanın “Görüş” kinokomediyasında canlandırdığı Şövkət, “O olmasın, bu olsun” filmindəki Sənəm, “Qızmar günəş altında” kinopovestində Sərdarovun arvadı, “Kölgələr sürünür”də katibə, “Qəribə əhvalat”da Tükəzban, “Telefonçu qız”da Sürəyya, “Evin kişisi”ndə Rövşənin anası, “Onun bəlalı sevgisi” filmində oynadığı nənə obrazları ekran təhkiyəsinin tamlığını, inandırıcı və reallığını təmin edən personajlardır.

Nəzərə alsaq ki, Barat xanımın teatr fəaliyyəti zəngin və çoxşaxəlidir, o zaman deyə bilərik ki, kinematoqraf peşəkar aktrisanın yaradıcılığından az bəhrələnib. O, teatr fəaliyyətindən iyirmi il sonra ekran obrazlarını tamaşaçılara təqdim edib. Teatrda daha çox dramatik obrazların öhdəsindən məharətlə gələn aktrisa kinoda müxtəlif səpkili obrazlar yaradıb.

Kinodakı ilk rolu “Görüş” kinokomediyasındakı (1955) Şövkət obrazıdır. Rolu özünəməxsus yaradıcılıq priyomu ilə təqdim edən aktrisa filmdəki vəziyyətin tələbinə uyğun olaraq hadisələrin şərhini obraz vasitəsilə verə bilib. Sadə və sakit xarakterli əmək adamı kimi tanıdığımız Şövkət filmdəki komik situasiyanı təkmilləşdirən, ziddiyyəti kəskinləşdirən və komik personajların məzəli xarakterlərinin açılmasına səbəb olan obrazdır. Şövkət ailəsini sevən, qoruyan zəhmətkeş qadındır. O, həyat yoldaşı Şıxəlinin meşşan xüsusiyyətlərindən utansa da, ailədaxili sakitliyin pozulmaması və dağılmaması üçün bir çox güzəştlərə gedir. Təmkinli və zəhmətkeş xüsusiyyətli Şövkətin kənd camaatının gülüş mənbəyinə çevrilən həyat yoldaşının qəribə xarakterlərinə dözməsini isə onun şəxsiyyət tamlığı ilə əlaqələndirə bilərik. Çünki Şövkət o zaman Şıxəlinin mənfi cəhətlərinə qarşı üsyan edir ki, onun gecəyarısı evdən getməsinin şahidi olur və bunu nə özünə, nə də ailəsinin şərəfinə sığışdırmır. Şıxəlidən ayrılacağını bildirəndə isə aydın olur ki, Şıxəli Əbülfəzlə birlikdə dostları Kamil üçün bol məhsullu tarlalardan pambıq oğurlamaq məqsədilə gecə yarısı evdən gedir.

Filmin əsas tənqid və gülüş hədəfi olan tipajların simasını cəmiyyətə göstərən, onları zamanında ifşa edən Şövkət ikili xarakter nümayiş etdirir.

İlk baxışda o, mümkün qədər ailədaxili sakitliyi qoruyub saxlayan cəfakeş xanımdır, digər tərəfdən isə cahil düşüncəli tənbəl ərinə və onun meşşan, yalançı dostlarına qarşı çıxan üsyankar iş qadınıdır. Aktrisanın peşəkar oyununda rolun fərdi xarakteri məntiqli və ifadəli şəkildə cilalanıb, realist yaradıcılığı həyat həqiqətlərini sənət həqiqətinə çevirib, zəngin həyat müşahidəsinə əsasən də tamaşaçının və adi insanların görə bilmədiyi, bəzənsə görüb güzəştə getdiyi vacib nüansları qabardıb. Çünki doğru həyat missiyası olan Şövkətin meşşan xarakterli Şıxəli ilə həyatını paylaşması, onun kimi yalançı və tənbəl biri ilə yaşaması, ailənin bütün ağırlığını çiynində daşıması, bir tərəfdən də onun tənələrinə dözməsi zəhmətkeş ananın və iş qadınının çətin həyat mövqeyini şərh edir. Beləliklə, məntiqli həyat hekayəsinin vacib və komik nüanslarını önə çəkən aktrisanın yaradıcılığı rejissor ideyasını hadisələrdə və obrazların münasibətlərində təhlil edir.

Zəngin və müdrik həyat bilgisini sənət dili ilə ekranda cilalayan aktrisanın tədricən püxtələşən təcrübəsi digər kino obrazlarını dəqiq, dolğun və koloritli yaratmasına səbəb olub. Görkəmli kinorejissor Hüseyn Seyidzadə “O olmasın, bu olsun” (1956) kinokomediyasını ekranlaşdıranda peşəkar aktyor heyətinə Barat Şəkinskayanı da daxil etdi. Ona filmdə aparıcı rollardan olan Sənəm obrazı tapşırıldı. Onu da qeyd edək ki, Ü.Hacıbəylinin ölməz əsərinin ekran həllində hadisələrin inkişafı obrazlardan, onların münasibətlərindən qətiyyən yan keçmir, buna görə də hər bir rol filmin aparıcı qüvvəsinə çevrilir. Barat xanımın oynadığı qulluqçu Sənəm obrazını öz dövrünün hüquqları əlindən alınmış, tənha və bədbəxt qadını adlandıra bilərik. Rüstəm bəyin və qızı Gülnaz xanımın qulluğunda duran Sənəm özgə həyatını yaşamağa məhkum olmuş kölədir. Sənəmin həyat mövqeyinin, söz haqqının və hüququnun olmamasının, tənhalığının, acısının tam təəssüratını Barat xanımın pilləkənlərin üstündə qəmli halda (müğənni Şövkət Ələkbərovanın səsi ilə) oxuduğu mahnıda daha dolğun və aydın şəkildə hiss edirik.

Bu epizod filmin təsirli və yaddaqalan kadrlarındandır. Göründüyü kimi, peşəkar təqdimat rolun mövqeyini, filmin mahiyyətini dəqiq şərh edir, əsərin vizual variantını yaddaşlarda əbədiləşdirir, dövrün aktual məsələsini real əks etdirir. Sənətkar yaradıcılığının təfsirində, sözün əsl mənasında, ekranda həyatın bədii inikası yaranır.

Barat Şəkinskayanın azsaylı ekran obrazları ona görə yaddaşlara həkk olundu ki, rollarının forma və məzmunu hadisələrin məna və çalarını dəqiq göstərdi. “Qızmar günəş altında” filmində aktrisanın yaradıcılıq əzminin məhsulu olan növbəti uğurlu rolunu (Sərdarovun arvadı) izləyirik. Sərdarovun arvadı “Görüş” filmindəki Şövkətdən fərqli olaraq ailə huzurunu qorumağı qətiyyən ağlından keçirməyən, əsas məqsədi əri Sərdarovun kənddə sədrlik etməsi və qardaşı savadsız Mürsəlin həkim kimi tanınmasıdır. Şöhrətpərəst qadın daim evdə hay-küy qaldırır, həyat yoldaşını səriştəsizlikdə və qorxaqlıqda günahlandırır. Kəndə yeni gələn bacarıqlı həkim Aydın Zeynalovun kənddən uzaqlaşması üçünsə canfəşanlıq edir. Hay-küylü, qəliz xarakterli rol kimi tanıdığımız personajın daxili dünyasının yoxsulluğunu isə personajın hikkəli bir ifadəsində daha aydın şəkildə görürük. Baxmayaraq ki, bütün kənd əhli Eldarın tez sağalmasını, danışıq qabiliyyətinin yaxşılaşmasını arzulayır. Sərdarovun arvadı isə əri ilə mübahisə zəminində “guya Eldar lal qalsa, dünya dağılar” deyərək ətrafdakılara olan biganə münasibətini daha qərəzli şəkildə bildirir. Əmək qabaqcıllarının zəhmətinin hədər getməsinə, susuz qalan tarlalardakı məhsulun ziyan olmasına göz yuman Sərdarov və onun həyat yoldaşı kimi insanların cəmiyyətə olan biganə münasibəti, cılız düşüncə tərzi, qərəzli davranışı aktyorların (B.Şəkinskaya və A.Gəraybəyli) ideya mövqeyindən və personajlara şəxsi münasibətindən qaynaqlanaraq aydın şəkildə qınanılır, tənqid hədəfinə çevrilir. Beləcə də kiçikplanlı rol kimi nəzərdə tutulan Sərdarovun arvadı obrazı aktrisanın sənət biliciliyindən irəli gələn səbəblərdən filmdəki ziddiyyətləri kəskinləşdirən, gərginliyi artıran aparıcı personaja çevrilir. Rolun dolğun təqdimatı hadisələrin məna və mahiyyətinin açılmasına imkan yaradır, filmin təsir gücünü artırır, vacib və dəyərli keyfiyyətlərini üzə çıxardır.  

Barat xanım kinoda böyük şövq və sevgi ilə yaratdığı müxtəlif xarakterli rolları filmlərin janrına müvafiq olaraq yüksək peşəkarlıqla canlandırıb. Personajların fərdi, vacib xüsusiyyətlərini dəqiq və koloritli təqdim edib, kinodakı hər bir çıxışında qismətinə düşən ekran obrazlarının yaradıcılıq potensialına dar gəldiyini bir növ anons edib. Buna görə də istedadlı səhnə ustasının peşəkarlığından kinoda az istifadə edilməsi təəssüf doğurur. Bununla belə, unudulmaz sənətkarın kino ilə tamaşaçı arasında yaradıcılıq əlaqəsi yaratması, seyrçini ekranda baş verən hadisələrin reallığına, kinonun həyatın inikası olduğuna inandırması böyük sevgiyə, hörmətə və tükənməz alqışa layiqdir.

Şəhla ƏMİRLİ,
kinoşünas