Azərbaycan

29 iyun 1913 – Xalq şairi Nigar Xudadat bəy qızı Rəfibəyli (1913 – 7.10.1981) Gəncədə anadan olub. Lirik şeirləri ilə XX əsr Azərbaycan poeziyasını zənginləşdirib, F.Şillerin, A.Çexovun pyeslərini, rus şairlərin şeirlərini Azərbaycan dilinə çevirib.

 

30 iyun (yeni təqvimlə 12 iyul) 1812 – Mütəfəkkir yazıçı, dramaturq Mirzə Fətəli Axundzadə (1812 – 10.3. 1878) Şəkidə anadan olub. 1850-1855-ci illərdə yazdığı 6 komediya (“Molla İbrahimxəlil kimyagər”, “Müsyö Jordan və dərviş Məstəli şah”, “Lənkəran xanının vəziri”, “Xırs-quldurbasan”, “Hacı Qara”, “Mürafiə vəkilləri”) ilə milli dramaturgiyamızın, 1857-ci ildə qələmə aldığı “Aldanmış kəvakib” povesti ilə realist Azərbaycan nəsrinin təməlini qoyub.

 

1 iyul 1937 – Əməkdar mədəniyyət işçisi, aşıq İsfəndiyar Adil oğlu Rüstəmov (1937 – 9.2.2018) Gədəbəy rayonunun Gərgər kəndində doğulub. Gədəbəydə ilk aşıq ansamblını yaradıb, müxtəlif festivallarda respublikamızı təmsil edib.

 

2 iyul 1892 – Yazıçı, maarif və mədəniyyət xadimi Tağı Abbas oğlu Şahbazi (Simürğ; 1892-1937) Bakıda anadan olub. Respublika xalq maarif və səhiyyə komissarlarının müavini, Azərbaycan Dövlət Universitetinin rektoru işləyib. “Ağanın kənizi”, “Aldanmış ümid”, “Qayçı” və s. hekayələrin müəllifidir. Repressiya qurbanıdır.

2 iyul 1893 – Heykəltəraş, Azərbaycanın Əməkdar incəsənət xadimi, SSRİ-nin Xalq rəssamı Pinxos Vladimiroviç Sabsay (1893 - 25.7.1980) Odessada doğulub. 1926-cı ildən Bakıda yaşayıb. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində dərs deyib. M.F.Axundzadənin heykəlinin və s. əsərlərin müəllifidir.

2 iyul 1953 – Əməkdar artist, müğənni Məhəbbət Allahverdi oğlu Kazımov (1953 – 27.1.2014) Laçın rayonunun Çorman kəndində doğulub.

 

Dünya

 

29 iyun 1798 – İtalyan şairi, filosof Cakomo (Giacomo) Leopardi (1798-1837) anadan olub.

29 iyun 1900 – Fransız yazıçısı, şair Antuan de Sent-Ekzüperi (Antoine Marie Roger Vicomte de Saint-Exupery; 1900-1944) anadan olub. Peşəkar təyyarəçi olub. “Gecə uçuşu”, “Balaca şahzadə”, “Qəsr” romanları və s. əsərlərin müəllifidir.

  

30 iyun 1789 – Fransız rəssamı Horas Verne (Horace Emile Jean Vernet; 1789-1863) anadan olub. Müharibə mövzusunda tabloların müəllifi və portret ustası kimi tanınıb.

30 iyun 1911 – Polyak şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1980) Çeslav Miloş (Czeslaw Milosz; 1911-2004) anadan olub.

30 iyun 1918 – Amerika aktrisası, “Oskar” mükafatçısı Süzen Heyuord (Susan Hayward, əsl adı Edythe Marrenner; 1918-1975) anadan olub.

 

1 iyul 1646 - Alman idealist filosofu, tarixçi, dilçi və riyaziyyatçı Qotfrid Vilhelm Leybnis (Gottfried Wilhelm Leibniz; 1646-1716) anadan olub.

1 iyul 1804 – Fransız yazıçısı Jorj Sand (əsl adı – Amandina Avrora Düpen; George Sand - Amantine-Aurore-Lucile Dupin de Francueil; 1804-1876) anadan olub. Romanları: “Roz və Blanş”, “İndiana”, “Konsuelo” və s.

1 iyul 1902 – Amerika rejissoru Vilyam Uayler (William Wyler; 1902-1981) anadan olub. “Roma tətili”, “Həyatımın ən yaxşı illəri” və s. filmləri çəkib, üç dəfə “Oskar”a layiq görülüb.

1 iyul 1909 – Gürcü aktyoru, SSRİ Xalq artisti Serqo Zakariadze (1909-1971) Bakıda doğulub. “Keto və Kote”, “Əsgər atası” və s. filmlərdə çəkilib.

 

2 iyul 1877 – Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1946) Herman Hesse (Hermann Hesse; 1877-1962) anadan olub. Əsərləri: “Təkər altında”, “Çöl canavarı”, “Şərq ölkəsinə ziyarət”, “Muncuq oyunu” və s.

2 iyul 1923 – Polyak şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1996) Vislava Şimborska (Wislawa Szymborska; 1923 – 1.2.2012) anadan olub. “Son və əvvəl”, “Yüz...” və s. kitabların müəllifidir.

Hazırladı: Vüqar ORXAN