Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda Elçin Muradovun hazırda davam edən rəngkarlıq əsərlərinin nümayişi rəssamın 30 ildən artıq yaradıcılığını əhatə edir.
E.Muradov həvəskar rəssam olsa da, erkən yaşlarından rəsm çəkməyə başlayıb. Əvvəlcə o, rəngli karandaşlarla rəsm çəkib, daha sonra isə yağlı boya ilə rəsm çəkmək texnikasına yiyələnib, ardıcıl sərgilərdə iştirak edib. Onun işləri haqqında danışarkən mənzərə və natürmort janrlarının üstünlük təşkil etməsini vurğulamalıyıq. Abşeronda dünyaya gəlmiş Elçin Muradov bu torpağın ürəyə xoş gələn, ruhu oxşayan mənzərələrini böyük məhəbbətlə təsvir edib.
Rəssam natürmortlarında qızılgülləri, çobanyastığı çiçəyi və ya digər çöl bitkilərini əks etdirir. O, gülləri təsvir edərkən onların dolğun rənglərinə gözəlliyinə ayrıca diqqət yetirir. Sərgidə nümayiş olunan “Çobanyastığı”, “Qızılgüllər”, “Palıdlar” kimi əsərlər tamaşaçının diqqətini səmimiliyi, rəng orijinallığı ilə cəlb edir.
E.Muradovun “Kəndə yol”, “Kənd mənzərəsi”, “Xırdalanda küçə”, “Abşeron motivi” və bu seriyadan olan bir çox əsərləri rəssamın vətəninə hədsiz məhəbbətindən bəhs edir.
O, əsərlərində Azərbaycan vətəndaşı və rəssamı kimi erməni təcavüzkarlığına qarşı öz münasibətini də bildirib. Onun “Qaçqınlar”, “Köçkünlərin düşərgəsi” və bir sıra digər əsərləri rəssamın vətəndaş mövqeyini əks etdirir.
Onu da qeyd edək ki, Elçin Muradov sərgilərin daimi iştirakçısı kimi Rəssamlar İttifaqının üzvlüyünə qəbul olunub. Onun növbəti fərdi sərgisi də çoxsaylı tamaşaçıların və təsviri incəsənət xiridarlarının marağına səbəb olub. 60 yaşını qeyd edən rəssama uzun ömür və yeni yaradıcılıq uğurları arzu edirik.
Zina MİRZƏZADƏ
ADRA-nın magistrantı