İyunun 24-25-də Rusiya Federasiyası Tatarıstan Respublikasının Kazan şəhərində “Müasir türkologiya Avrasiya mədəni məkanında” adlı beynəlxalq elmi seminar keçirilib. Seminar Tatarıstan Respublikası Mədəniyyət Nazirliyi, Cənubi Koreya Türkoloji Tədqiqatlar İnstitutu və AMEA Folklor İnstitutunun birgə təşkilatçılığı ilə hazırlanıb.
Cənubi Koreya Türkoloji Tədqiqatlar İnstitutunun direktoru, professor Eun Kyung Oh seminarda “Koreya və özbək qəhrəmanlıq dastanlarının müqayisəli tədqiqi: “Alpomış” və “Jumonq” dastanlarının materialları əsasında” adlı məruzə təqdim edib.
Tatarıstan Mədəniyyət Nazirliyinin Respublika Ənənəvi Mədəniyyətin İnkişafı Mərkəzinin əməkdaşı Fənzilə Gövhərovanın “Türk xalqlarının xalq mədəniyyəti lüğəti: metodologiya və elmi vasitələr” adlı məruzəsi dinlənilib. Məruzə ətrafında müzakirələrdə bu tipli lüğətlərin hazırlanması və onların türk dillərini əhatə edən çoxdilli variantlarının da nəşr edilməsinin əhəmiyyəti qeyd olunub, bu sahədə ortaq layihələrin işlənməsinin önəmi vurğulanıb.
AMEA Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlil “Türk xalqlarının mədəni institutları və mənəvi dəyər konseptləri: Avrasiya sivilizasiyası kontekstində” adlı məruzə ilə çıxış edib. Türkiyədən gələn professorlar Kamil Vəli Nərimanoğlunun “Avrasiyanın sosiolinqvistik problemləri” və Ercan Alkayının “Xristian tatarların dili, ədəbiyyatı və tarixinə həsr olunmuş yeni tədqiqat”, BDU-nun professoru Vaqif Sultanlının “Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədəbiyyatşünaslıq”, araşdırmaçı Rafiq Bayramovun “Türk xalqlarının hərb və sülh haqqında ənənəvi görüşləri” və b. məruzələr iştirakçılara təqdim edilib.
Seminarda Koreya, Azərbaycan, Türkiyə ilə yanaşı, Rusiyanın müxtəlif elmi təşkilatlarından mütəxəssislər iştirak edib.
Sonda AMEA Folklor İnstitutunun təşəkkür bəlgələri məruzəçilərə təqdim edilib, seminar iştirakçılarına kitab, məcmuə və jurnallar hədiyyə edilib. İştirakçılar Kazanın tarixi-mədəni abidələrilə tanış olublar.
S.QALİBOĞLU