Dünya İrsi Gənc Peşəkarlar Forumunun üçüncü iş günü iyunun 26-da Qobustan Milli Tarix-Bədii Qoruğunda davam edib. Xatırladaq ki, “Dünya irsi: qlobal çağırışlar üçün yerli ideyalar” mövzusunda forum UNESCO-nun Dünya İrs Komitəsinin iyunun 30-dan iyulun 10-dək Bakıda keçiriləcək 43-cü sessiyası çərçivəsində təşkil edilib.
Qonaqları salamlayan Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev forumun işinə uğurlar arzu edib. Direktor Azərbaycan-UNESCO münasibətlərinin inkişafında, qarşılıqlı əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əvəzsiz xidmətlərini xüsusi vurğulayıb. Ölkəmizin zəngin mədəni irsi haqqında məlumat verən Vüqar İsayev Qobustan qoruğunun da UNESCO-nun Dünya irsi siyahısına salındığını qeyd edib. Bildirilib ki, forum iştirakçılarının ölkəmizdə olduqları müddət həm də Azərbaycanın zəngin mədəni irsi ilə tanış olmaq üçün gözəl fürsətdir.
UNESCO-nun Şəhər dizaynı və mühafizəsi kafedrasının professoru Maykl Turner forumun əhəmiyyətindən danışıb. Qeyd edib ki, Dünya İrsi Gənc Peşəkarlar Forumu iki gün ərzində Azərbaycan Memarlıq və İnşaat Universiteti, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində keçirilib. Qobustan Milli Tarixi-Bədii Qoruğundan sonra iştirakçılar Qəbələ-İsmayıllı bölgəsinə səfər edəcəklər.
Raymond Lemaire Beynəlxalq Qoruma Mərkəzinin prezidenti, professor Minja Yanq forumun işinin uğurla davam etdiyini bildirib. Qeyd edib ki, əcnəbi və yerli ekspertlərin iştirakı ilə bir sıra təqdimatlar edilir, dəyirmi masalar təşkil olunur.
Minja Yanq çıxışını “Mədəni landşaftların qorunması” mövzusunda mühazirə ilə davam etdirib.
Sonra forum iştirakçılarının sualları cavablandırılıb.
Günün ikinci yarısında forum işini dəyirmi masa şəklində davam etdirib. Həmçinin iştirakçılar üçün Qobustan Milli Tarix-Bədii Qoruğunun ərazisində ekskursiya təşkil olunub.
***
Dünya İrsi Gənc Peşəkarlar Forumunun dördüncü iş günü – iyunun 27-də Qəbələ rayonuna gələn iştirakçılar əvvəlcə Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ərazisində arxeoloji qazıntılar (Çuxur Qəbələ) və Qəbələ Arxeoloji Mərkəzi ilə tanış olublar.
Forum iştirakçıları sonra İsmayıllı rayonunun Lahıc qəsəbəsinə gəliblər. Qonaqlara Lahıc Tarix-Mədəniyyət Qoruğu ərazisində mədəni irs nümunələri, o cümlədən burada əsrlərlə yaşadılan misgərlik sənətimiz haqqında məlumat verilib.
Qeyd edək ki, son illər Dünya İrs Komitəsinin illik sessiyaları çərçivəsində ənənəvi olaraq Gənc Peşəkarlar Forumu təşkil olunur. İyulun 2-dək davam edəcək forumda dünyanın 30 ölkəsini təmsil edən 30 gənc irs mütəxəssisi iştirak edir.
İştirakçılar Dünya İrs Komitəsinin 43-cü sessiyasında öz bəyannamələrini təqdim edəcəklər.