İyunun 26-da Milli Kitabxanada Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə “Gənc liderlər məktəbi”nin ölkənin tanınmış ictimai və dövlət xadimləri – gənc yaşlarından liderlik, təşkilatçılıq bacarıqları qiymətləndirilərək yüksək vəzifələrdə çalışmış insanlarla görüşlər silsiləsindən ilk tədbiri keçirildi. “Gənc liderlər məktəbi”nin üzvləri Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayevlə görüşdülər.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək tədbir iştirakçılarını salamladı və nazir Əbülfəs Qarayevə gənclərlə görüş təklifini qəbul etdiyinə görə təşəkkürünü bildirdi. Diqqətə çatdırıldı ki, ilk görüş “Heydər Əliyev və mədəniyyət” mövzusuna həsr edilir.

Sonra Əbülfəs Qarayev ümummilli lider Heydər Əliyevin gənclər siyasəti ilə bağlı fikirlərini bölüşdü. O, 25 il əvvəl ulu öndər tərəfindən nazir vəzifəsinə (gənclər və idman naziri – red.) təyin edildiyini deyərək bildirdi ki, o zaman gənc kadra göstərilən bu yüksək etimad həm özünü, həm də bir çoxlarını təəccübləndirmişdi.

Heydər Əliyevin gənclərə olan diqqət və qayğısından söz açan nazir vurğuladı ki, ictimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan ulu öndər bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verirdi. Müxtəlif qurumlarda, dövlət idarələrində, ölkə həyatının siyasi, iqtisadi, digər sahələrində gənclərin fəal iştirakını təmin edirdi.

Bildirildi ki, Heydər Əliyev mədəniyyətimizə və milli irsimizə xüsusilə həssas və qayğıkeş münasibət bəsləyirdi. Mədəni-mənəvi dəyərlərin qorunması, təbliği üçün mümkün olan hər şeyi edirdi: “Bu gün mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyevin qayğısından bəhrələnməsin. Musiqimiz, teatrımız, kino sənətimiz, təsviri sənətimiz, xalça sənətimiz, mədəniyyətimizin bütün sahələri bugünkü inkişafında ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib”.

Nazir qeyd etdi ki, müasir dövrümüzdə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, gənclər siyasəti dövlətin əsas prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində gənclərin iştirakının gerçəkləşdirilməsi, eyni zamanda onlara dövlət qayğısının artırılmasını təmin etmək məqsədilə sərəncamlar imzalayıb.

Əbülfəs Qarayev çıxışı zamanı Mədəniyyət Nazirliyinin gənclər siyasətindən də söz açdı. Nazirlik tərəfindən gənclərin potensialını üzə çıxarmaq üçün gerçəkləşdirilən layihələr haqqında məlumat verildi. Vurğulandı ki, gənclik cəmiyyətin aparıcı qüvvəsidir və gənclərin düşüncəsindən, müasir yanaşmalarından səmərəli istifadə etmək gərəkdir.

Nazir gənc liderlərə tövsiyələrini də verdi. Görüş gənclərin ünvanladığı suallara cavablar və müzakirələrlə davam etdi.

Sonda xatirə şəkli çəkdirildi.

LALƏ