Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Abidə Menecerləri Forumu

30 iyun – 10 iyul tarixində Bakıda keçiriləcək UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində daha bir beynəlxalq tədbir işə başlayıb. İyunun 27-də Bakı Konqres Mərkəzində Dünya İrsi Abidə Menecerləri Forumunun açılışı oldu.

İyulun 4-dək davam edəcək forum Mədəniyyət Nazirliyi, UNESCO-nun Dünya İrs Mərkəzi, Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəz (ICCROM), “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə keçirilir.

Forumu Dünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı yaradılmış Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev açaraq bildirdi ki, dünyanın mötəbər beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirməsi müstəqil dövlətimizin nüfuzundan xəbər verir.

Nazir Azərbaycan-UNESCO münasibətlərinin inkişafında, qarşılıqlı əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın əvəzsiz xidmətlərini xüsusi vurğuladı. Bildirdi ki, ötən il Dünya İrs Komitəsinin 42-ci sessiyasında Azərbaycan bir il müddətinə komitənin sədri seçilib. Ölkəmiz üçün böyük əhəmiyyətə malik belə bir qərarın qəbul edilməsi Azərbaycanın UNESCO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir.

Nazir qeyd etdi ki, “Dünya mədəni və təbii irsinin qorunması haqqında Konvensiya”ya (1972) uyğun olaraq Dünya irsi siyahısına 276 milyon hektardan çox ərazini əhatə edən 1000-dən çox abidə daxildir. Bu irsin daha səmərəli qorunmasına nail olmaq üçün Dünya İrsi Abidə Menecerləri Forumu böyük önəm daşıyır. Forum yeni təşəbbüs kimi 2017-ci ildə Polşanın Krakov şəhərində başlayıb və artıq üçüncü dəfədir keçirilir. Forumda 50-dən çox ölkəni təmsil edən 70-ə yaxın nümayəndə iştirak edir. Abidə menecerləri tədbir günlərində bir sıra iclaslarda iştirak edəcəklər.

Əbülfəs Qarayev həmçinin vurğuladı ki, Azərbaycandakı bir neçə məkanın UNESCO-nun Dünya irsi siyahısına namizəd kimi irəli sürülməsi nəzərdə tutulur. Hazırda Şəkinin Xan sarayı və şəhərin qədim hissəsinin bu siyahıya salınması üzərində iş gedir: “Bakıda bu məsələ müzakirə olunacaq və ümid edirik ki, nəticə müsbət olacaq. Bir neçə variant var və onların bəzilərində nöqsanlar mövcuddur. Onları aradan qaldırdıqdan sonra yenidən məsələyə baxılacaq. Çalışacağıq ki, məsələ həll olunsun”.

Nazir bildirdi ki, Hirkan meşələri üçün İran tərəfinin nominasiyası var: “Həmin meşənin Azərbaycana düşən hissəsini vahid məkan kimi təqdim etmək istəyirik. Bu, gələcəyin məsələsidir. Naxçıvandakı türbələrin də siyahıya salınmasını nəzərdə tuturuq. Hazırda bu məkanlar normal vəziyyətdə olduğundan elmi cəhətdən əsaslandırılması prosesi getməlidir”.

Əbülfəs Qarayev Abidə Menecerləri Forumunda dünyada mədəni irsin qorunması üçün əhəmiyyətli müzakirələrin aparılacağına ümidvar olduğunu vurğulayaraq tədbirin işinə uğurlar arzuladı.

Tədbirdə UNESCO-nun Dünya İrs Mərkəzinin direktoru Mextild Rossler, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov çıxış edərək mədəni irsin qlobal mahiyyətindən bəhs etdilər. Abidə Menecerləri Forumunun yeni biliklərin əldə edilməsi, əlaqələrin qurulması və təcrübə mübadiləsi baxımından önəmi vurğulandı.

Daha sonra Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İCCROM) baş direktoru Uebber Ndoronun forum iştirakçılarına ünvanlanmış videomüraciəti təqdim olundu.

Qeyd edək ki, Abidə Menecerləri Forumunun gündəliyinə dünya irsi və “Dayanıqlı İnkişaf – 2015” idarəetmə sənədi ilə tanışlıq, mədəniyyət mənzərələri və dünya irsinə konservativ tətbiqlərə dair əsas təqdimat və digər mövzular daxildir.

Forum iştirakçıları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Qobustan Milli Tarix-Bədii Qoruğu və digər tarixi-mədəni məkanları ziyarət edəcəklər.

İyulun 2-də iştirakçılar Dünya İrs Komitəsinin 43-cü sessiyasında xüsusi bəyanatla çıxış edəcəklər.

F.HÜSEYNOV