Əməkdar rəssam, Türkiyənin Yedditəpə Universitetinin dosenti, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Teymur Rzayevin 60 illik yubileyi münasibətilə iyunun 27-də Beynəlxalq Muğam Mərkəzində fərdi sərgisi açıldı.
Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və “HAVİSSOS” şirkətinin dəstəyi ilə təşkil edilib.
Tədbir iştirakçıları əvvəlcə rəssamın mərkəzin foyesində sərgilənən əsərləri ilə tanış oldular.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək rəssamın həyat və fəaliyyəti haqqında danışdı. Qeyd etdi ki, Teymur Rzayev 1975-1979-cu illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1982-1988-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb. 1985-1986-cı illərdə Sankt-Peterburq Rəssamlıq Akademiyasında təhsilini davam etdirib.
Vurğulandı ki, Teymur Rzayev 2004-2008-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirib və dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
2008-ci ildən Türkiyənin Yedditəpə Universitetində Gözəl sənətlər fakültəsində çalışır. 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə xalqlar arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafına göstərdiyi xidmətlərə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Vaqif Əliyev istedadlı rəssamın ictimai xadim kimi də uğurla fəaliyyət göstərdiyini, mədəniyyətimizin təbliğində böyük xidmətləri olduğunu dedi, sənətkara cansağlığı və yaradıcılıq uğurları arzuladı.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirdi ki, Teymur Rzayevin əsərləri dünyanın rəsm qalereyalarını bəzəyir. O, istedadlı rəssam, eyni zamanda mükəmməl pedaqoqdur. Onun türk dünyasında müstəsna xidmətləri var.
Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı təşkilatın baş katibi Düsen Kaseinovun Teymur Rzayevə təbrik məktubunu oxudu.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Xalq rəssamı Ağaəli İbrahimov və başqaları rəssamın həyat və fəaliyyətindən danışdılar, yaradıcılığı ilə bağlı fikirlərini bölüşdülər. Vurğulandı ki, Teymur Rzayev Azərbaycandan kənarda yaşadığı illər ərzində hər zaman ölkəmizin təbliği, onun tanıdılması istiqamətində fəaliyyət göstərib.
Daha sonra rəssamın ömür yolu və yaradıcılığını əks etdirən sənədli film nümayiş olundu.
Sonda çıxış edən rəssam sənət fəaliyyətinə göstərilən diqqətə və yubiley sərgisinin təşkilinə görə minnətdarlığını bildirdi.
FARİZ