Dünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 2-də paralel iclaslarla işini davam etdirdi. İlk iclas Afrika və ərəb ölkələrində baş verən təbii fəlakətlər və münaqişələr nəticəsində dağıntıya məruz qalan mədəni irsin qorunmasına həsr edilib.
Müzakirələrdə 2019-2020-ci illər üçün tədbirlər haqqında məlumat verildi.
Bildirildi ki, ekoloji mədəni irsin qorunması həm yerli icra orqanlarının, həm də könüllülərin nəzarətində olmalıdır. Dünyada ən çox dağıntıya məruz qalan məhz bu regionlardır. Bu səbəbdən də Dünya İrs Komitəsi sözügedən regionlara dəstəyini əsirgəməməlidir.
Dini irsin qorunmasına həsr olunan iclasda bu sahədə ən yaxşı təcrübələrdən söz açıldı. Dünyada tolerantlıq, mədəni dialoq və vicdan azadlığı kontekstində dini irsin əhəmiyyəti diqqətə çatdırıldı. UNESCO siyahısında yer alan dini abidələrin qorunmasının mövcud problemləri müzakirə edildi. İştirakçılar mövzu ilə bağlı öz təcrübələrini bölüşdülər.
Üzv ölkələrin nümayəndələrinin iştirakı ilə keçirilən növbəti iclasda isə büdcə məsələləri müzakirə edildi. İclasda 180 ölkənin mədəni irsin qorunmasına ayırdığı maliyyə fondu və xərcləri nəzərdən keçirildi, işçi qrupların hesabatları dinlənildi.