Xalq yazıçısı Anar haqqında kitabın təqdimatı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Anar – 80... Şəxsiyyətin tarixi” kitabının təqdimatı keçirilib.

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək Xalq yazıçısı Anarın ədəbiyyatımızın inkişafına töhfələrindən danışıb. Bildirib ki, XX əsrdə Azərbaycanda “altmışıncılar” ədəbi nəslinin fəaliyyətində, 70-80-ci illərdə ədəbi-ictimai mühitdə ümummilli ideallar uğrunda aparılan mübarizədə və nəhayət, müstəqillik dövründə yeni ədəbiyyatın yaradılmasında, bədii fikrin ölkə maraqlarına istiqamətləndirilməsində Xalq yazıçısı Anarın mühüm xidmətləri var.

“Son altmış ilə yaxın bir dövrdə Azərbaycan ədəbiyyatının keçdiyi keşməkeşli və şərəfli yolun məsuliyyətini də, uğurlarını da Anarın yaradıcılığı olmadan təsəvvür etmək çətindir”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

Kitabın tərtibçisi və ön sözünün müəllifi Gülxani Pənah (Şükürova) bildirib ki, nəşrdə ömrünü xalqına, dövlətinə, onun ədəbiyyatının, mədəniyyətinin inkişafına həsr edən yazıçının ünvanına gələn yüzlərlə təbrik teleqramlarının, məktubların, haqqında yazılan məqalələrin bir qismi toplanıb.

Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla ədəbiyyatımızda Anarın çoxşaxəli yaradıcılığının özünəməxsus yeri olduğunu vurğulayıb.

Kitabın elmi redaktoru – Milli Məclisin deputatı, filologiya üzrə elmlər doktoru Jalə Əliyeva Anarın əsərlərinin gənc nəslin tərbiyəsində oynadığı roldan danışıb. O bildirib ki, yazıçı yaratdığı əsərlərlə Azərbaycan ədəbiyyatının zirvəsini fəth edib.

Xalq şairi Nəriman Həsənzadə, akademik Teymur Kərimli, Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan və digər çıxış edənlər yazıçının yaradıcılığından, onun Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışıblar.