AMEA-nın Şərqşünaslıq İnstitutunda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan növbəti seminar keçirilib.
İnstitutun direktoru, akademik Gövhər Baxşəliyeva diqqətə çatdırıb ki, Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili” haqqında ölkə başçısının müvafiq sərəncamlarından irəli gələrək xüsusi tədbirlər planı hazırlanıb. Şairlə bağlı monoqrafiya hazırlanır, əsərləri tərcümə edilir, mütəmadi olaraq seminarlar keçirilir.
Sonra AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavərinin “İmadəddin Nəsimi: sənət və təriqət bütövlüyünün fəlsəfi poeziya zirvəsi” mövzusunda məruzəsi dinlənilib. O bildirib ki, XIV əsr türkdilli Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi İmadəddin Nəsiminin yaradıcılığında təsəvvüf ideyaları bütöv bir konsepsiya təşkil edir. Digər klassik şairlərimizdən fərqli olaraq Nəsiminin bilavasitə fəlsəfi təlim zəminində yetişdiyini deyən alim bildirib: “Nəsimi poeziyası Orta əsrlərin məfkurə məhdudiyyətinə qarşı yönəlmiş fikrin üsyanıdır. İstər ayrılıqda Azərbaycan, istərsə də bütövlükdə ümumtürk bədii fikir tarixində şair və ictimai mühit konflikti az-az hallarda bu qədər kəskin xarakter alır”.
Sərxan Xavəri Nəsimi poeziyasının milli bədii düşüncə tariximizdə özünəməxsusluğu ilə seçildiyini, onun filoloji, fəlsəfi və sosioloji aspektlərdən təhlil olunmasının vacibliyini vurğulayıb. Məruzəçi, həmçinin Nəsimi poeziyasında insan obrazının Orta əsrlər poetik fikir tarixində ən yüksək zirvəyə qalxdığını söyləyib.
Seminarda mövzu ətrafında çıxışlar olub, fikir mübadiləsi aparılıb.