Şəkidə beynəlxalq musiqi festivalı başa çatıb

Şəki şəhərində iyunun 29-dan davam edən “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalının son iki günü də maraqlı konsert proqramları ilə yadda qalıb.

İyulun 2-də festival çərçivəsində “Marxal” istirahət kompleksinin yay teatrında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub.

Konsertin əvvəlində məlumat verilib ki, orkestr 1964-cü ildə Azərbaycan musiqisinin klassikləri – Qara Qarayev və Fikrət Əmirovun təşəbbüsü ilə yaradılıb. Orkestrin ilk baş dirijoru və bədii rəhbəri Xalq artisti, Dövlət mükafatları laureatı Nazim Rzayev olub. Kollektiv 50 ildən çox davam edən fəaliyyəti dövründə dünyanın bir çox səhnələrində çıxış edib, nüfuzlu beynəlxalq festivalların iştirakçısı olub, Azərbaycanın musiqi mədəniyyətini təbliğ edib. 2018-ci ildən Kamera Orkestrinin bədii rəhbəri və baş dirijoru Xalq artisti Fəxrəddin Kərimovdur.

Konsertdə Azərbaycan, Avropa və rus bəstəkarlarının əsərləri səsləndirilib.

Proqramda festivalın bədii rəhbəri, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin “Rəqs” əsəri də yer alıb. Solistlər – beynəlxalq müsabiqələr laureatı Ceyla Seyidova (violin), Mirxalid Məmmədzadə (fleyta) və Əməkdar artist Fəridə Məlikovanın (kamança) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 

Rusiyadan gəlmiş instrumental kvintetin konserti

 

Həmin gün axşam saatlarında musiqisevərlərə Rusiyadan gəlmiş “No Indifference” instrumental kvintetinin konserti təqdim olunub.

Füsunkar bir guşədə, Marxal gölünün kənarında keçirilən konserti musiqisevərlər, həmçinin istirahət kompleksində qonaqlar izləyiblər.

Əvvəlcə qrupun fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, “No Indifference” instrumental kvinteti 2008-ci ildə Rusiyanın Tver Akademik Filarmoniyasının solistləri Maksim Salnikov (bayan), Yelena Jdanova (violin), Tatyana Nikolayenko (gitara), Vitali Barmenkov (kontrabas) və Aleksandr İppolitov (zərb alətləri) tərəfindən yaradılıb. Kvintetin repertuarı rus və Avropa bəstəkarlarının müxtəlif janrlarda əsərləri, caz improvizasiyaları, həmçinin sovet estrada mahnıları, rəqslər və dünya xalqlarının melodiyaları ilə zəngindir. Musiqi nömrələrinin aranjimanını musiqiçilər özləri edirlər. Son vaxtlar kvintetin yeni layihələrinə peşəkar rəqqaslar da dəvət olunur və bu, konsertləri daha da rəngarəng edir.

Kvintetin bədii rəhbəri Maksim Salnikovdur.

Konsert zamanı “No Indifference” qrupu üzvlərinin təqdim etdikləri şən musiqi nömrələri tamaşaçılara yüksək əhval-ruhiyyə bəxş edib. Kollektivin ifa etdiyi vətənpərvərlik ruhunda mahnılar, A.Pitatsollanın məşhur “Tanqo”su, həmçinin görkəmli Azərbaycan bəstəkarı Ələkbər Tağıyevin “Sən gəlməz oldun” mahnısı musiqisevərlər tərəfindən hərarətli alqışlarla qarşılanıb.

Konsertin sonunda festivalın bədii rəhbəri Firəngiz Əlizadə kollektivə təşkilatçılar adından minnətdarlığını bildirib. Musiqi qrupuna festivalın simvolu təqdim olunub.

 

“Nəsimi mövzusu Azərbaycan bəstəkarlarının əsərlərində”

 

Festival çərçivəsində iyulun 3-də Şəki Dövlət Regional Kollecində “Nəsimi mövzusu Azərbaycan bəstəkarlarının əsərlərində” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir iştirakçıları əvvəlcə kollecin tələbələrinin Nəsimi yaradıcılığına həsr etdikləri rəsmlərdən ibarət sərgi ilə tanış olublar. Böyük şairin 650 illiyinə həsr olunan dəyirmi masada şairin həyatı, əsərlərində əks olunan fəlsəfi düşüncələr, Azərbaycan bəstəkarlarının müxtəlif vaxtlarda Nəsimi mövzusuna müraciət etmələri barədə müzakirələr aparılıb.

Dəyirmi masanı kollecin direktoru Sərdar Şərifov açaraq “İpək Yolu” festivalının tədbirlərindən birinin bu təhsil ocağında keçirilməsinin ənənəyə çevrildiyini bildirib.

Festivalın bədii rəhbəri, professor Firəngiz Əlizadə çıxış edərək, bildirib ki, Prezident İlham Əliyev tərəfindən bu ilin “Nəsimi ili” elan edilməsi respublikamızda bir sıra mədəni layihələrin vüsət almasına təkan verib. Bununla əlaqədar olaraq builki festivalın proqramına Nəsimi mövzusuna həsr olunan tədbirlər də daxil edilib.

Dəyirmi masada musiqişünas Sevda Hüseynovanın “Nəsimi ili” ilə əlaqədar Bəstəkarlar İttifaqında keçirilən tədbirlər haqqında”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lətifəxanım Əliyevanın “Firəngiz Əlizadənin “Nəsimi Passion” əsəri”, Əməkdar mədəniyyət işçisi Səadət Şirinovanın “Fikrət Əmirovun yaradıcılığında Nəsimi mövzusu”, Bəstəkarlar İttifaqının mətbuat xidmətinin rəhbəri İltifat Hacıxanoğlunun “Azərbaycan bəstəkarlarının yaradıcılığında Nəsimi mövzusu”nda məruzələri dinlənilib.

Bildirilib ki, Bəstəkarlar İttifaqı “Nəsimi ili” ilə bağlı bir sıra layihələr həyata keçirir. İttifaqın sədri Firəngiz Əlizadənin təşəbbüsü ilə “Nəsimiyə ithaf” adlı yeni layihəyə start verilib. Gənc bəstəkarlarda Nəsimi irsinə maraq oyadaraq, onlara şairin qəzəllərindən istifadə etməklə kamera-instrumental əsərlərin yazılması təklif olunub. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Nəsimi-romans” müsabiqəsi təşkil edilib. Bəstəkarlar İttifaqının “Nəsimi ili” ilə əlaqədar tədbirləri ilin sonunadək davam edəcək.

Dəyirmi masanın sonunda kollecin tələbələrinin ifasında Nəsiminin qəzəllərinin yer aldığı konsert proqramı təqdim olunub.

Festivalın son iştirakçısı Qazaxıstan kollektivi olub

Mədəniyyət Nazirliyinin dəstəyi, Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan X “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı iyulun 3-də axşam “Marxal” istirahət kompleksinin yay teatrında təntənəli mərasimlə başa çatıb.

Mərasimdə TÜRKSOY ölkələrindən olan musiqiçilərin iştirakı ilə Qərbi Qazaxıstan Vilayətinin Estrada Simfonik Orkestri konsert proqramı ilə çıxış edib.

Məlumat verilib ki, orkestr 2010-cu ildən fəaliyyət göstərir. Orkestrdə ölkənin bir sıra musiqi təhsili ocaqlarının – Kurmanqazi adına Qazaxıstan Milli Konservatoriyası, T.Jurgenev adına Musiqi Akademiyası, A.Jubanova adına Respublika Musiqi Məktəbi, M.Ütemisov adına Qərbi-Qazaxıstan Dövlət Universiteti, Kurmanqazi adına Ural Musiqi Kollecinin məzunları çıxış edirlər.

Orkestrin formalaşması və inkişafına Qazaxıstanın Əməkdar incəsənət xadimi, dirijor A.Şevelev böyük töhfə verib. Hazırda kollektivə Asxat Xasanov rəhbərlik edir.

Bildirilib ki, orkestrin repertuarına Qazaxıstan bəstəkarlarının, həmçinin rus və dünya klassik musiqi əsərlərindən ibarət 200-dən çox əsər daxildir. Konsertdə solistlər - Qazaxıstanın Əməkdar incəsənət xadimi Janılsın Xasanova, dombra ifaçısı Akılbek Bektaşov, kobız ifaçıları Aksamal Kanatkaliyeva, Ernar Ömirəli, Qırğızıstandan Aksaibek Mukambet Uulu, Türkiyədən Yılmaz Demirtaş, Azərbaycandan Rüstəm Müslümov və Ərəstun Quliyevin təqdim etdikləri musiqi nömrələri tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Proqram başa çatdıqdan sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək festivalın keçirilməsində əməyi olan bütün qurumlara, festivalın bədii rəhbəri, Xalq artisti Firəngiz Əlizadəyə, bağlanış konsertinin təşkilinə göstərdiyi dəstəyə görə TÜRKSOY-un baş katibi Düsen Kaseinova minnətdarlığını bildirib.

Qazaxıstan estrada-simfonik orkestrinin dirijoru,  Qazaxıstanın Əməkdar artisti Kanat Axmetova, həmçinin Firəngiz Əlizadəyə və Düsen Kaseinova şəhər İcra Hakimiyyəti adından festivalın simvolu təqdim olunub.

“Böyük İpək Yolu bizim türk mədəniyyətinin “paytaxt”ları elan etdiyimiz qədim tarixi şəhərlərdən keçir. Bu şəhərlər arasında mirvariyə bənzəyən sevimli Şəkimiz də var. Yüksək notlarla başa vurduğumuz 10-cu “İpək Yolu” musiqi festivalı yalnız türk dünyasına deyil, bütün dünyaya bu gözəl şəhəri, onun sakinlərini, ümumilikdə, Azərbaycanı yaxından tanımaq imkanı verdi”. Bu sözləri TÜRKSOY-un baş katibi Düsen Kaseinov mərasimdə jurnalistlərə müsahibəsində deyib.

Baş katib bildirib ki, Şəki beynəlxalq tədbirlərin, festivalların keçirilməsi üçün çox gözəl məkandır:“Mən bütün şəkililəri, eləcə də Azərbaycan xalqını bu gözəl mədəniyyət bayramı münasibətilə bir daha təbrik edirəm”, - deyə o bildirib.

Mərasim atəşfəşanlıqla başa çatıb.