Bakı Konqres Mərkəzində UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən tədbirlərdən biri də beynəlxalq qeyri-hökumət təşkilatı – Ağa Xan Fondunun mədəni irsin qorunub saxlanılması sahəsində fəaliyyətinə həsr olunmuşdu.
Mədəniyyət naziri Əbülfəs Qarayev tədbirdə çıxış edərək Ağa Xan Fondunun dünya ölkələrinin mədəni və tarixi abidələrinin bərpası və mühafizə olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndirdi. Əbülfəs Qarayev ölkəmizdə bu istiqamətdə Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun gördüyü işlər barədə də məlumat verdi.
Daha sonra nazir diqqətə çatdırdı ki, Ağa Xan Fondunun bu il musiqi sahəsində mükafatının ilk laureatı azərbaycanlı bəstəkar və pianoçu, UNESCO-nun “Sülh artisti” adına layiq görülmüş Firəngiz Əlizadə olub.
Sonra Ağa Xan Fondunun fəaliyyəti və tarixi memarlıq abidələrinin qorunub saxlanılması istiqamətində həyata keçirdiyi layihələri əks etdirən videoçarx nümayiş olundu.
Fondun baş meneceri Luis Monreal memarlıq abidələrinin bərpası və təmiri istiqamətində Hindistan, Tacikistan, Əfqanıstan, Mali, Suriya və Pakistanda həyata keçirilən layihələr barədə məlumat verdi. Bildirdi ki, fond tərəfindən 200-ə yaxın mədəni və tarixi abidənin bərpası və təmiri həyata keçirilib.
Qeyd edildi ki, memarlıq sahəsi üzrə Ağa Xan Mükafatı artıq dördüncü onillikdir verilir. Mükafat bütün dünyada müsəlman cəmiyyətinin ehtiyaclarının və arzularının uğurla təmin edilməsinə imkan verən inşaat konsepsiyalarının aşkar və təşviq edilməsi məqsədilə təsis edilib. Bu, mükafat fondu 1 milyon ABŞ dolları məbləğində olmaqla dünyanın ən böyük memarlıq mükafatıdır.
Sonra çıxış edən natiqlər memarlıq mükafatının təltif olunduğu müxtəlif tarixi və memarlıq abidələrinin bərpası və qorunub saxlanılması ilə bağlı layihələr barədə danışdılar.
FARİZ