İyulun 3-də Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Bakıda keçirilən Abidə Menecerləri Forumunun bağlanış mərasimi oldu.

Xatırladaq ki, iyunun 27-də başlayan forum Mədəniyyət Nazirliyi, UNESCO-nun Dünya İrs Mərkəzi, Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəz (ICCROM), “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Mərasimdə ilk olaraq forum günlərində reallaşan tədbirlər, aparılan müzakirələr, işçi qrupların birgə fəaliyyətini əks etdirən hesabat diqqətə çatdırıldı.

Daha sonra forum iştirakçıları çıxış edərək tədbirin əhəmiyyəti, forum çərçivəsində təşkil olunan müxtəlif tədbirlərlə bağlı fikir və təəssüratlarını bölüşdülər. Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlıq ifadə olundu. Vurğulandı ki, forum təcrübə mübadiləsi ilə yanaşı, iştirakçılar üçün Azərbaycanın abidələri və irsi ilə yaxından tanışlıq imkanı yaradıb.

Təbiətin Mühafizəsi naminə Beynəlxalq Birliyin (İUCN) direktoru Tim Badman çıxış edərək forumun təşkilatçılarına təşəkkürünü bildirdi. Qeyd etdi ki, forumda 50-dən çox ölkəni təmsil edən 70-ə yaxın nümayəndə iştirak edib. Tədbir çərçivəsində dünyada mədəni irsin qorunması üçün əhəmiyyətli müzakirələr aparılıb, birgə layihələr və əməkdaşlıq mövzuları təhlil edilib. Direktor tədbirin bütün iştirakçılarına göstərdikləri fəallığa görə minnətdarlığını bildirdi.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov çıxış edərək mədəni irsin qlobal mahiyyətindən bəhs etdi, Abidə Menecerləri Forumunun yeni biliklərin əldə edilməsi, əlaqələrin qurulması və təcrübə mübadiləsi baxımından önəmini vurğuladı. O, forum iştirakçılarının “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Qobustan Milli Tarix-Bədii Qoruğu və digər tarixi-mədəni məkanlara səfərləri zamanı aparılan müzakirələri və irsin qorunması ilə bağlı forumun işçi qruplarının təkliflərini yüksək dəyərləndirdi.

Daha sonra Mədəniyyət Nazirliyi Aparatı rəhbərinin müavini – Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə forumun iştirakçılarına sertifikatlar təqdim etdi.

İştirakçılar bir daha səmimi qarşılanma və məhsuldar forum gündəliyinin tərtibinə görə Təşkilat Komitəsinin sədrinə və üzvlərinə minnətdarlıqlarını bildirdilər. Qonaqlar Bakıda olmaqlarından məmnunluqlarını da dilə gətirdilər.

Sonda xatirə şəkli çəkdirildi.

L.AZƏRİ