Azərbaycan-Fransa birgə arxeoloji tədqiqatlarına həsr olunmuş sərgi açılıb
İyulun 4-də Azərbaycan Milli İncəsənət Muzeyində Azərbaycan-Fransa birgə arxeoloji tədqiqatlarının 10 illiyinə həsr olunmuş sərgi açıldı.
Mədəniyyət naziri Əbülfəs Qarayev açılış mərasimində çıxış edərək bildirdi ki, sərgi təsadüfən belə bir vaxtda təyin olunmayıb: “Bildiyiniz kimi, Bakıda UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası keçirilir. Bu sərgi də sessiya çərçivəsində təşkil olunan tədbirlərdən biridir. Sərgi Azərbaycanla Fransa arasında həyata keçirilən əməkdaşlığın bariz nümunəsidir. Bizim və Fransa arxeoloqlarının birgə fəaliyyəti nəticəsində Azərbaycanın müxtəlif bölgələrində qazıntı işləri aparılıb. Bu sərgidə də işlərin nəticələri nümayiş olunur”.
Daha sonra Fransa hökumət kabinetlərində ətraf mühit naziri (1992-1993), ekologiya, sabit inkişaf və energetika naziri (2014-2017) olmuş Seqolen Royal çıxış etdi. Bildirdi ki, Azərbaycan və Fransa arxeoloqlarının tədqiqatlarını əhatə edən sərgini keçirməklə əlaqələrimizin nə qədər dərin olmasını göstərmiş oluruq: “Qeyd etmək istərdim ki, bu layihələr Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüslərindən biridir”.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə vurğuladı ki, sərgi Azərbaycan elminin uğurlarının bariz nümunəsidir: “Azərbaycan və Fransa arxeoloqları on il müddətində bu araşdırmaları aparıblar. Düşünürəm ki, bu sərgi eyni zamanda Azərbaycan arxeologiya elminin dünya elminə töhfəsidir”.
Qonaqlar daha sonra sərgi ilə tanış oldular. Sərgidə Fransa və Azərbaycan mütəxəssislərinin Tovuz, Ağstafa, Lənkəran, Lerik və Naxçıvan regionlarında apardıqları birgə elmi ekspedisiyaların nəticələri nümayiş olunur. Azərbaycan-Fransa arxeoloji ekspedisiyası 2006-cı ildən fəaliyyət göstərir. Ekspedisiya 2006-2013-cü illərdə Ovçulartəpəsi və Duzdağda, 2013-cü ildən başlayaraq isə Kültəpə və onun ətrafında araşdırma aparır.
Birgə ekspedisiyanın son on ildə nəticələri xüsusilə əhəmiyyətli olub. 2008-ci ildən Azərbaycan və Fransa arxeoloqlarının Tovuz bölgəsində yerləşən Menteştəpə arxeoloji abidəsində apardığı tədqiqatlar zamanı qədim yaşayış məskənində Neolit dövründən Erkən Tunc dövrünə qədər uzun bir tarixi mərhələnin mövcudluğu üzə çıxarılıb. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, Fransanın Milli Tədqiqatlar Mərkəzi və Parisin Sen-Jermen Milli Muzeyi əməkdaşlarının birgə səyləri ilə Lerik rayonunun Mondigah kəndi ərazisində aparılmış arxeoloji qazıntılar zamanı 200-dən çox maddi mədəniyyət nümunəsi tapılıb.
Qədim yaşayış məskəni Fransadan olan Morqan qardaşlarının 120 il əvvəl Lerik rayonu ərazisində kəşfiyyat xarakterli qazıntı işlərinin nəticəsi kimi əldə olunan xəritə əsasında aparılan tədqiqatlar zamanı aşkarlanıb.
Azərbaycan-Fransa birgə arxeoloji tədqiqatlarına həsr olunmuş sərgi avqustun 1-dək nümayiş olunacaq.
Sərgi ilə tanışlıqdan sonra nazir tədbir iştirakçılarını Milli İncəsənət Muzeyinin zallarına baxmağa dəvət etdi. Qonaqlar muzeyin zəngin ekspozisiya zalları ilə maraqla tanış oldular.